Paşinyanın "KƏRKİNİ AZƏRBAYCANA QAYTARIRIQ" deməsi İranda zəlzələ yaratdı: "Bakı Tehranı təslim alır"
Təhlil
18.05.2026 12:40
Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı Azərbaycanın işğal olunmuş anklavları, o cümlədən İran-Ermənistan tranzit yolunun yaxınlığında yerləşən Tiqranaşen (Kərki) kəndini Bakıya təhvil vermək barədə bəyanatı Tehran tərəfində ciddi narahatlıq doğurub.

İranlı “ekspert” Ehsan Movadeihan bu məsələyə dair kəskin xəbərdarlıq yayıb. Movadeihan bildirib: “Qafqazı öz taleyinə buraxan İran İslam Respublikasının rəsmilərinə son xəbərdarlıq! ... Bu kəndi ələ keçirməklə Bakı təkcə "saxta Zəngəzur" dəhlizinin enini genişləndirməyəcək, həm də hava məkanı üzərində suverenliyini təsdiqləyəcək, eyni zamanda İranın Ermənistana tranzit yolunu kəsəcək. Türkiyə ilə birlikdə onlar İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarəti ələ keçirəcəklər.” O, əlavə edib ki, Azərbaycan Kərkiyə nəzarəti ələ keçirsə, yüksəkliklərdə mövqelər tutaraq E117 yolunu atəş nəzarətinə ala biləcək və potensial müharibədə Syunik əyalətini İranla əlaqədən kəsə biləcək. “Xəbərdarlığım bitdi! İndi arxayın oturun və yenidən izləyin!” – deyə Movadeihan yekunlaşdırıb.
Onun bu “apokaliptik” xəbərdarlığı klassik İran panikası və təbliğatının ən parlaq nümunəsidir – sanki Azərbaycan ordusu Tehran qapılarına yaxınlaşır, Türkiyə ilə “böyük plan” qurur... Əslində isə söhbət sadəcə Azərbaycanın 1990-cı ildə işğal olunmuş qanuni anklavı Kərkinin qaytarılmasından gedir. Bu, sovet xəritələrinə və beynəlxalq hüquqa əsaslanan normal sərhəd delimitasiyasıdır. Paşinyanın özü dəfələrlə bu mövzunu müzakirə etdiyini etiraf edib.
Movadeihanın "saxta Zəngəzur", “bütün çıxış yollarını kəsirlər” kimi fantastik-dramatik iddiaları sadəcə qorxu pompasıdır. Hamı yaxşı görür ki, Azərbaycan öz ərazilərini bərpa edir, regionda sabitlik və əməkdaşlıq yolunu seçir. İran illərlə Ermənistana silah verib, separatizmi dəstəkləyib və hələ də danışmağa dili var. O, Qafqazda itirdiyi mövqelərə görə indi isterika keçirir.
Belə “ekspertlər” Tehranda rejimin fiaskosunu ört-basdır etmək üçün dramaturji bacarıqlarını çox yaxşı nümayiş etdirirlər, amma tarix və faktlar ortadadır. Qafqaz artıq nə İranın, nə də başqa bir dövlətin "arxa həyəti” deyil!
Jalə Rövşən
tag: Ehsan Movadeihan, İran ,Kərki ,Ermənistan ,Todaypress.tv,
