Nüvə düyməsi, yoxsa... — Tramp və Kim Çen In yenidən üz-üzə
Təhlil
16.03.2026 17:06
Cənubi Koreyanın Baş naziri Kim Min Sokun son açıqlamaları beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub.

Baş nazirin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yenidən danışıqlar masasına oturmaq imkanı ilə maraqlanıb.
Kim Min Sok qeyd edib ki, bu görüşün təşkili üçün artıq konkret planlar mövcuddur və Prezident Tramp öz köməkçilərinə prosesin texniki detallarını aydınlaşdırmağı tapşırıb.
Cənubi Koreya tərəfi hesab edir ki, bu mümkün zirvə görüşü yarımadada uzunmüddətli nizamlanmanın əsasını qoya bilər.
Bəs Kim Çen Inın buna cavabı nə olacaq?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli Trampın Kim Çen Inla münasibətlərinin hələ onun birinci prezidentliyi dövründə mövcud olduğunu bildirib:

“Hətta onlar görüşmüş, münasibətlərdəki ciddi ziddiyyətlərin aradan qaldırılması ilə bağlı müəyyən müzakirələr aparmışdılar. Nəticə etibarilə bu müzakirələr müsbət sonluqla bitməmişdi. Şimali Koreya dünyanın narahatlıq doğuran coğrafiyalarından biridir. Bu ölkənin mütəmadi olaraq ballistik raketləri, eyni zamanda nüvə silahlarını sınaqdan keçirməsi təkcə ətraf regionda yerləşən dövlətlər üçün deyil, bütövlükdə dünya üçün təhlükə yaradan amillərdən hesab olunur. Trampın Şimali Koreya Prezidenti ilə münasibətlərin qurulması və ya siyasi müstəvidə müzakirələrin aparılması məsələsini gündəmə gətirməsindən sonra Şimali Koreya Prezidentinin ABŞ ilə bağlı və ABŞ-ni təhdid edən bəyanatı yayılmışdı. O bildirmişdi ki, ABŞ İrandan sonra diqqətini Şimali Koreyaya yönəldərsə, buna mütləq cavab veriləcək. Çünki Şimali Koreyanın nəzarətində olan nüvə silahları ABŞ-nin müxtəlif strateji obyektlərinə tuşlanıb və istənilən an ABŞ-ni bu niyyətindən çəkindirmək üçün belə addımlar ata bilərlər”.
“Şübhəli məqamlar...”
Bakir Həsənbəyli qeyd edib ki, bu cür təhdid dolu bəyanatlardan sonra Trampın Şimali Koreya Prezidenti ilə görüşmək istəyinə müsbət cavab verilməsi müəyyən şübhələr doğurur:
“Bundan əlavə, Şimali Koreyanın özü üçün müəyyən etdiyi beynəlxalq siyasət xətti var. Daxili siyasətinə və idarəetmə prinsiplərinə toxunmadan qeyd etmək olar ki, qlobal siyasətdə Şimali Koreyanın özünəməxsus mövqeyi və müttəfiq hesab etdiyi dövlətlər mövcuddur. ABŞ isə bu siyahıda deyil. ABŞ ilə hər hansı münasibətin qurulması və ya müzakirələrdə müsbət nəticənin əldə olunması mövcud situasiyada real görünmür. Çünki ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasət yeni dünya düzənində birqütblü dünyanın formalaşdırılması ideyasına əsaslanır və bu modeldə əsas hökmranlığın ABŞ-yə məxsus olması nəzərdə tutulur. Bu prinsipə qarşı çıxan dövlətlər sırasında Şimali Koreya ön sıralarda göstərilir; yəni Çin, İran, Rusiya və Şimali Koreya kimi dövlətlər bu mövqedə olan ölkələrdir. Belə bir şəraitdə Şimali Koreya ilə ABŞ arasında hər hansı məsələdə müsbət nəticənin əldə olunması Şimali Koreyanın on illərdir yürütdüyü anti-Amerika siyasəti ilə uzlaşmır”.
“Trampın Çinə səfəri və mümkün görüş ehtimalı”
Ekspert əlavə edib ki, diplomatik baxımdan müəyyən ehtimallar da nəzərdən keçirilir:

“Baxmayaraq ki, Kim Çen In demək olar ki, beynəlxalq tədbirlərdə iştirak etmir və səfər etdiyi ölkələr əsasən Çin və Rusiya olur, hər hansı beynəlxalq tədbir çərçivəsində müəyyən təmasların baş tutması istisna edilmir. Bu kontekstdə Trampın aprel ayında Çinə ehtimal olunan səfəri çərçivəsində Şimali Koreya Prezidenti ilə görüşü və müəyyən məsələlərin müzakirəsi ehtimalı gündəmə gələ bilər. Lakin Trampın belə bir görüşə maraq göstərməsinin özü də müəyyən suallar doğurur. Çünki hazırda ABŞ–İsrail–İran müharibəsi hələ də davam edir. Bu mərhələdə hər hansı razılıq əldə olunmadığı halda – söhbət ABŞ-nin mütləq üstünlüyü ilə müşayiət olunan razılaşmadan gedir – belə bir razılaşma baş verməsə, Tramp yalnız qalib lider kimi Çinə səfər edə və Çinlə müəyyən razılaşmalar barədə düşünə bilər. Əks halda, Trampın Çinə səfəri də sual altında qalır”.
Siyasətçinin sözlərinə görə, bu səfər baş tutmazsa, Kim Çen Inla başqa bir coğrafiyada görüş məsələsi də hələ ki gündəmdə deyil və ümumiyyətlə belə bir görüş ideya səviyyəsindən kənara çıxmayıb.
Ekspert, nəticə etibarilə Şimali Koreya ilə Amerika Birləşmiş Ştatları arasında hər hansı bir razılıq olmasının mümkün olduğunu düşünmür.
Qiymət Mahir
tag: Bakir Həsənbəyli,Politoloq,Tramp,Kim Çen In,Todaypress.tv,
