Moskvada soyuq duş: Putin Ermənistan seçkilərinə rəsmən müdaxilə etdi!
Təhlil
02.04.2026 13:47
Aprelin 1-də Nikol Paşinyan Moskvada Vladimir Putinlə görüşüb. Görüş zamanı bir sıra vacib məsələlər müzakirə olunub. Putin bildirib ki, Ermənistanda fəaliyyət göstərən Rusiyayönümlü siyasi qüvvələrin parlament seçkilərində iştirak etməsini istəyir. Paşinyan isə buna cavab olaraq qeyd edib ki, Ermənistan demokratik dövlətdir və seçkilərdə yalnız Ermənistan pasportu olan şəxslər iştirak edə bilər.
Beləliklə, Putin və Paşinyan arasında bu məsələ ilə bağlı ciddi fikir ayrılığı yaranıb.
Maraqlıdır, bu dialoq Ermənistan–Rusiya münasibətlərinin gələcək dinamikasına necə təsir edəcək ?
Sözügedən məsələni siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə şərh edib.

O bildirib ki, Putinlə Paşinyanın görüşündə çox nadir hallarda rast gəldiyimiz hadisələr baş verdi:
"Adətən bu cür görüşlərdə mətbuat qarşısında yalnız müsbət məqamlar dilə gətirilir, problemli məsələlər isə mətbuatın iştirakı olmadan müzakirə olunur. Bu dəfə isə Putin hər şeyi açıq şəkildə demək qərarına gəldi və faktiki olaraq Ermənistandakı parlament seçkilərinə, daha doğrusu seçkiqabağı kampaniyaya müdaxilə etmiş oldu".
Analitik qeyd edib ki, Ermənistan əhalisinə xəbərdarlıq edilib:
"Rusiya qazı Ermənistana ucuz qiymətə satır, Avropa ilə müqayisədə Ermənistan qazı üç dəfədən artıq ucuz alır və bu qiymətə yenidən baxıla bilər. Bununla yanaşı, Avropa İttifaqı ilə yaxınlaşmanın Avrasiya İqtisadi Birliyinin üzvlüyü ilə uyğun gəlmədiyi də Paşinyanın diqqətinə çatdırıldı və onun seçim etməyə məcbur olduğu bildirildi".
A.Səmədov Putinin parlament seçkiləri ilə bağlı fikirlərinə diqqət çəkib:
"Putin, həmçinin qeyd etdi ki, rusiyayönümlü qüvvələrin seçkilərdə iştirak haqqı var və açıq şəkildə bildirdi ki, Paşinyanın rəhbərlik etdiyi partiya həmin qüvvələr sırasına daxil deyil. Eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında passiv mövqeyindən dolayı narazılıq ifadə olundu və bu narazılıq 2020-ci il İkinci Qarabağ müharibəsi ilə əlaqələndirilməyə cəhd edildi. Lakin Paşinyan cavabında qeyd etdi ki, Ermənistanın narazılığı 2022-ci il hadisələri ilə bağlıdır".
Onun sözslərinə görə, artıq tərəflər qərara gəliblər ki, düşündüklərini mətbuat qarşısında açıq şəkildə ifadə etsinlər:
"Aydındır ki, Putin bununla kifayətlənməyəcək və bundan sonra da Rusiyayönümlü qüvvələrin dəstəklənməsi üçün mümkün olan bütün addımları atacaq. Rusiya çalışacaq ki, Paşinyan bu seçkilərdə qalib gələ bilməsin".
Ekspert onu da vurğulayıb ki, Paşinyan da öz mövqeyini açıq göstərdi:
"Ermənistanın istiqaməti Qərb yönümlüdür və ölkə Avropa İttifaqına doğru açıq şəkildə irəliləyir. Şübhəsiz ki, Putinin bu bəyanatları parlament seçkilərinə təsirsiz ötüşməyəcək. Lakin ümid edək ki, bu, eyni zamanda Paşinyanın Qərbdəki dəstəkçilərinin fəallaşmasına da səbəb olacaq. Çünki Ermənistandakı parlament seçkiləri təkcə Ermənistan üçün deyil, həm də bütövlükdə region üçün olduqca böyük əhəmiyyətə malikdir".
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,Putin,Moskva,Ermənistan,Seçki,Paşinyan,Todaypress.tv,
