Moskva və İrəvan Ermənistanın dəmir yollarını BÖLƏ BİLMƏDİLƏR

Təhlil

16.04.2026 14:15

Ermənistan və Rusiya Ermənistan ilə Rusiya dəmiryolu sisteminin gələcəyi ilə bağlı konkret anlaşmaya gələ bilməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mher Qriqoryan bildirib.

Çərşənbə günü verdiyi açıqlamada Qriqoryan deyib ki, Rusiya tərəfi ümumilikdə razılaşmalara hazır olduğunu bildirib, lakin danışıqlar hələ də nəticəsiz qalır.

Onun sözlərinə görə, “hazırlıq var, amma əlavə hesablamalar və araşdırmalar istəyirlər” və “hazırda konkret nəticə yoxdur”.

Diqqətçəkən odur ki, açıqlamalar 1 aprel tarixində Nikol Paşinyan ilə Vladimir Putin arasında Moskvada keçirilən görüşdən sonra verilib. Görüşdə Ermənistanın hazırda Rusiya tərəfindən idarə olunan dəmir yolu şəbəkəsi əsas müzakirə mövzularından biri olub.

Qriqoryanın sözlərinə görə, danışıqlar davam edir və əsasən texniki xarakter daşıyır, lakin hələlik yekun qərar yoxdur.

Qeyd edək ki, dəmir yolu sistemi 2008-ci il konsessiya sazişi ilə Rusiyanın idarəsindədir və bu müqavilə 2038-ci ilə qədər qüvvədədir.

Son aylarda Ermənistan rəsmiləri bu razılaşmanın yenidən baxılması və ya alternativ operatorun cəlb edilməsi ehtimalını gündəmə gətiriblər.

Hökumət isə Moskva ilə qarşıdurma istəmədiyini, danışıqlar yolu ilə getmək niyyətində olduğunu bildirib.

Belə bir yanaşma da var ki, bu məsələ daha geniş geosiyasi əhəmiyyət daşıyır. Çünki Ermənistan regional nəqliyyat əlaqələrinin açılması üçün ABŞ vasitəçiliyi ilə irəli sürülən “TRIPP” təşəbbüsü çərçivəsində yeni layihələr üzərində işləyir.

Layihə Azərbaycanı Naxçıvanla Ermənistan ərazisi vasitəsilə birləşdirən marşrutu və bölgədə dəmir yolu əlaqələrinin bərpasını nəzərdə tutur.

Avropa İttifaqı da prosesə maraq göstərərək Naxçıvan istiqamətində dəmir yolu bərpası ilə bağlı müzakirələr aparıb.

Eyni zamanda Rusiya mövcud razılaşmanın dəyişdirilməsinə qarşı ehtiyatlı mövqe sərgiləyir və belə addımların iqtisadi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edir.

Jalə Rövşən

TodayPress TV

tag: Ermənistan,Rusiya,Dəmiyolu,Anlaşma,Todaypress.tv,