Mehri layihəsi dayana bilər! – Rusiyadan Naxçıvanla bağlı gözlənilməz gediş

Təhlil

02.04.2026 16:46

Martın əvvəlində Naxçıvanda baş verən pilotsuz təyyarə hücumları Şimal-Cənub dəhlizi boyunca nəqliyyata dərhal təsir etdi. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "TASS"a verdiyi müsahibədə bildirib. O qeyd edib ki, "Naxçıvana edilən pilotsuz təyyarə hücumları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca nəqliyyata dərhal təsir göstərib və Mehri hissəsinin bərpasına investisiya qoymaq istəyən investorlar arasında etimad yaratmayıb. Overçuk həmçinin  Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana daşınmasının bütün tərəflər üçün faydalı olduğunu deyib. 


Yəni Rusiya həm riskləri vurğulayır, həm də mövcud imkanlardan istifadə etməyə çalışır – bu “ikibaşlı” yanaşma hesab oluna bilərmi və nəyə hesablanıb?

Sözügedən mövzunu politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib.   


O, bildirib ki, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, regionda risklər mövcuddur: 

"Yəni təkcə Azərbaycan-İran sərhədləri boyunca deyil, həm də bütün Fars körfəzi regionunda ciddi risklər mövcuddur və hazırda investorlar bu ölkələrə investisiya qoymaqda tərəddüd edirlər. Bu, bir reallıqdır. Hətta ən etibarlı investisiya məkanlarından biri olan Dubayda da bu günlərdə iqtisadi gələcəyin qeyri-müəyyənliyi müşahidə olunur". 

Onun sözlərinə görə, ABŞ-nin  İrana hücumu regionda olduqca qeyri-müəyyən vəziyyət yaradıb: 

"Şimal-Cənub nəqliyyat dəhlizinə birbaşa təsir məsələsinə gəldikdə isə, Naxçıvana edilən hücumların təsirini qeyd etdiyim kimi, İran istiqamətində bir çox kommunikasiya xətlərinə bu hücumlar təsir göstərə bilər. Yəni, bütövlükdə İran ətrafında baş verən hadisələr müəyyən müddət ərzində təsirini saxlayacaq".     

Analitik, eyni zamanda, nəzərə çatdırıb ki, Rusiya Federasiyasının vitse-prezidenti ölkəsinin regiondakı kommunikasiyalara marağını ifadə edib. Azərbaycan-Naxçıvan ərazisində yaradılacaq nəqliyyat dəhlizi təkcə iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Overçuk öz ölkəsinin maraqları kontekstində çıxış edir.

Ekspert vurğulayıb ki, Azərbaycan  tranzit baxımından səmərəli  ölkədir: 


"Artıq Rusiyadan və Qazaxıstandan Azərbaycandan keçməklə Ermənistana yüklər daşınır. Bu təcrübə tətbiq olunur və Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması istiqamətində atılan addımların bir hissəsidir. Eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi Ermənistanla müəyyən ticarət münasibətləri qurması da müşahidə olunur. Məsələn, Azərbaycanın neft məhsulu və benzinin Ermənistana çatdırılması artıq həyata keçirilib". 

Elşad Mirbəşiroğlu,  həmçinin qeyd edib ki, bütövlükdə, biz regionda iqtisadi əlaqələrin və əməkdaşlığın qurulmasında, kommunikasiyaların açılmasında maraqlıyıq. Regionda etibarlı sülhün və əlverişli təhlükəsizlik mühitinin formalaşdırılması üçün kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişaf etdirilməsi çox vacibdir.

"Overçuk məsələsinə gəldikdə isə, Rusiya tərəfi bunu açıq şəkildə ifadə edir. Eyni zamanda, regiondan kənarda yerləşən ölkələr də maraqlarını gizlətmirlər və regiondakı kommunikasiyalara təsir imkanları uğrunda mübarizə gedir. Bizim üçün əsas olan isə odur ki, öz suveren hüquqlarımızı qoruyuruq və iqtisadi, eləcə də təhlükəsizlik maraqlarımıza uyğun tədbirləri uğurla həyata keçiririk", - politoloq fikrini sonlandırıb.

Jalə Rövşən

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Rusiya,Naxçıvan,Todaypress.tv,