Rusiya Ermənistana qaz satışını dayandırıb?

Rusiya Ermənistana qaz satışını dayandırıb?
02.11.2026 15:09 Dünya

“Gazprom Armenia” şirkəti Rusiyanın  Ermənistana təbii qaz tədarükünün heç bir fasilə olmadan, adi rejimdə davam etdiyini bildirib.

TodayPress TV AzPolitika-ya istinadən xəbər verir ki, bunu “Gazprom” nümayəndəsi  “İnterfaks” agentliyinə açıqlamasında bildirib. 

Bundan əvvəl bəzi mətbuat orqanlarında Rusiyanın noyabrın 1-dən Ermənistana qaz nəqlini dayandıracağı barədə məlumatlar yayılmışdı. Lakin şirkət bu iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.

2025-ci ildə “Gazprom” Ermənistana təxminən 2,7 milyard kubmetr qaz nəql edib. Rusiya qazı Ermənistana 1000 kubmetr üçün 177,5 dollar qiymətə satır. Bu tarif 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlinə qədər qüvvədə olan müqavilə ilə müəyyənləşdirilib.

Ermənistan İrandan da ildə təxminən 476 milyon kubmetr qaz alır. Mübadilə razılaşmasına əsasən, İrəvan Tehrana elektrik enerjisi verir, əvəzində qaz əldə edir.

Moskva ilə İrəvan arasında siyasi gərginliyin artması fonunda Rusiya tərəfi xəbərdarlıq edir ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) ayrılacağı və ya müttəfiqlik münasibətlərinə yenidən baxacağı təqdirdə güzəştli qaz qiymətlərini itirə bilər.

Rusiya rəsmiləri alternativ mənbələrdən qaz alışının Ermənistan üçün daha baha başa gələcəyini bildirirlər. Baş nazir Nikol Paşinyan isə hələlik qazın qiymətinin artırılması ilə bağlı rəsmi siqnal almadıqlarını deyib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da qaz qiymətlərində mümkün artımın ölkə iqtisadiyyatına 5-7 faiz və ya daha çox mənfi təsir göstərə biləcəyini etiraf edib. Nazir belə bir ssenarinin Ermənistan üçün arzuolunmaz olduğunu vurğulayıb.

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər