Lordun Rusiya haqqında dedikləri dünyanı silkələdi - Britaniyada həyəcan təbili
Britaniyanın Birinci Dəniz Lordu, general Ser Qvin Cenkins Rusiyanı ölkənin təhlükəsizliyi üçün hazırda ən böyük təhdid adlandırıb.
Maraqlıdır ki, Cenkinsin bu açıqlaması ilə Rusiyanı Britaniya üçün əsas təhlükə kimi göstərməsinin arxasında hansı amillər dayanır? Bu yanaşma Britaniyanın Rusiya siyasəti və Atlantikdə NATO-nun təhlükəsizliyi baxımından nə vəd edir?
Məsələ ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV-yə danışıb.

Analitik qeyd edib ki, Britaniyanın Birinci Dəniz Lordu general Ser Qvinin Rusiyanı ölkəsi və təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırması, ilk növbədə, informasiya müharibəsidir:
"Heç kəsə sirr deyil ki, tarixən Britaniya ilə Rusiya arasında geosiyasi və geoiqtisadi maraqlar uğrunda mübarizə gedib. İndi də yeni dünya nizamının formalaşması prosesində Britaniya Rusiyanı özünə əsas rəqiblərdən biri kimi görür. Bugünkü Rusiya-Ukrayna müharibəsində Ukraynaya həm ideoloji, həm maddi, həm də hərbi baxımdan ciddi dəstək verən ölkələrdən biri Böyük Britaniyadır. Buna görə də Britaniya Rusiyanı əsas təhlükə kimi təqdim etməklə öz siyasətini əsaslandırmağa çalışır".
Ekspert bildirib ki, Britaniyanın öz analitikləri də Rusiya hərbi dəniz donanmasının, xüsusilə sualtı qayıqlarının güclü olduğunu qeyd edirlər:
"Britaniya donanmasının isə hazırda zəiflədiyi etiraf olunur. Bu baxımdan, Dəniz Lordunun məhz bu təhlükəni önə çıxarması təsadüfi deyil".
O vurğulayıb ki, Rusiya rəsmiləri hazırda Avropaya hücum etmək niyyətlərinin olmadığını bildirirlər:
"Putin, Lavrov və digər yüksək vəzifəli şəxslər bunu müxtəlif açıqlamalarında vurğulayıblar. Moskva eyni zamanda Rusiya-Ukrayna müharibəsinin uzanmasında Britaniyanın rolunu xüsusi qeyd edir".
Ş.Ağayev son 5 ildə Britaniyada bir neçə baş nazir dəyişsə də, Ukraynaya dəstək siyasətinin dəyişmədiyini, yeni baş nazirlərin hər birinin Kiyevə dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb:
"Bu siyasət Moskva ilə London arasındakı qarşıdurmanı daha da dərinləşdirir. Boris Consonun 2022-ci ildə İstanbul danışıqları prosesinə müdaxiləsi ilə bağlı da müxtəlif iddialar səsləndirilib. Bu baxımdan, Rusiyanın Britaniya üçün əsas təhlükə kimi təqdim edilməsi həm informasiya, həm də siyasi müstəvidə Londonun mövqeyini əsaslandıran yanaşma kimi qiymətləndirilə bilər. Təkrar edirəm, hazırkı vəziyyətdə Rusiyanın Avropaya müharibə elan etmək niyyətində olduğunu düşünmürəm. Lakin Avropa ölkələri, xüsusilə Britaniya, Ukraynada hərbi qüvvələr yerləşdirsə, bu, vəziyyəti dəyişə və birbaşa qarşıdurma riskini artıra bilər".
Şərhçi sonda Lavrovun da son günlərdə belə bir addımın Avropa üçün ağır nəticələr doğura biləcəyini vurğuladığını xatırladıb.
O, qeyd edib ki, eskalasiya güclənərsə, həm Britaniya, həm də digər Avropa ölkələri üçün ciddi risklər yarana bilər.
Jalə Rövşən