Laricaninin ölümünü SEPAH-la nə bağlayır? - SƏBƏB BU İMİŞ...
Təhlil
18.03.2026 16:11
Martın 17-də İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyü təsdiqlənib.

Onun İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə endirdiyi hava zərbəsi nəticəsində həlak olduğu bildirilir.
Sual yaranır, onun ölümü İranı zəiflədəcəkmi?
Sözügedən məsələni politoloq Sədrəddin Soltan TodayPress TV-yə şərh edib.

O bildirib ki, ABŞ İrana və İran hakimiyyətinə, terrorçu təşkilatlara yanaşdığı kimi yanaşır:
"Məsələn, HƏMAS və “Hizbullah” liderlərinin zərərsizləşdirilməsi kimi addımlar bu təşkilatların zəiflədilməsinə səbəb oldu və nəticədə onlar əvvəlki güc və iddialarını irəli sürə bilmirlər".
Ekspert vurğulayıb ki, bu baxımdan, ABŞ gələcək perspektivdə İranla danışıqları daha zəif, daha asan təsir altına düşə bilən qüvvələrlə aparmaq üçün İran hakimiyyətinin aparıcı fiqurlarını və güc mərkəzlərini zəiflətməyə çalışır.
"Xüsusilə SEPAH-ın zəiflədilməsi ABŞ-nin əsas hədəflərindən biri kimi görünür. SEPAH-la bağlı aparıcı şəxslərin sıradan çıxarılması da bu strategiyanın tərkib hissəsidir", - deyə, analitik bildirib.
S.Soltan sonda diqqətə çatdırıb ki, son dövrlərdə hədəfə alınan şəxslərin əksəriyyətinin SEPAH-la birbaşa əlaqəli olduğu müşahidə olunur:

"Məsələn, İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani də SEPAH-a yaxın fiqurlardan biri hesab olunur. Odur ki, məqsəd İranda hakimiyyətdə olan bu liderləri və nüfuz sahibi şəxsləri sıradan çıxarmaqla ölkədaxili fəaliyyətdə, eləcə də dövlətin xarici və hərbi-siyasi kursunda radikal mövqeləri zəiflətməkdir. ABŞ-yə qarşı kəskin xətti müdafiə edən qüvvələrin təsirini azaltmaqla, hakimiyyətdə daha mülayim və Qərblə anlaşa biləcək qüvvələrə ümid bağlamağa çalışırlar".
Jalə Rövşən
tag: Sədrəddin Soltan,Politoloq,Əli Laricani,SEPAH,Todaypress.tv,
