Xırdalanda su sayğacları əlavə borc yazır? - Qurumdan AÇIQLAMA

Xırdalanda su sayğacları əlavə borc yazır? - Qurumdan AÇIQLAMA
06.11.2026 17:12 Sosial

Xırdalan şəhərində sakinlərdən birinin su sayğacının göstəricilərinin düzgün qeydə alınmaması və faktiki sərfiyyatdan artıq borc hesablanması ilə bağlı redaksiyamıza  şikayət daxil olub. 

TodayPress TV xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 6 ünvanında (şərti ünvan) yaşayan sakin sayğac göstəricilərinin düzgün qeydə alınmadığını və faktiki istehlakdan artıq borc hesablandığını iddia edib.

Şikayətçinin sözlərinə görə, sonuncu halda sayğacın faktiki göstəricisi 1860 olduğu halda, uçot sənədində 1888 qeyd edilib. Nəticədə 9 manatlıq istehlak əvəzinə 17 manat borc hesablanıb. Sakin etiraz etdikdə kobud rəftarla üzləşdiyini və daxili sistemdə əsassız olaraq “qara siyahı”ya salındığını da bildirib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidmətindən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın müraciəti aidiyyəti struktur bölmə tərəfindən araşdırılıb.

Araşdırma zamanı sayğac göstəricilərinin vizual oxunması və uçot sisteminə daxil edilməsi prosesində yanlışlığa yol verildiyi müəyyən edilib. Bu səbəbdən faktiki sərfiyyat göstəriciləri ilə hesablaşma məlumatları arasında uyğunsuzluq yaranıb. 

Qurumdan bildirilib ki, uyğunsuzluq operativ qaydada aradan qaldırılıb, hesablaşma faktiki sayğac göstəriciləri əsasında yenidən dəqiqləşdirilib və korrektə edilmiş ödəniş qəbzi vətəndaşa təqdim olunub. 

Xidmətdən həmçinin əlavə edilib ki, istehlak məlumatlarının dəqiqliyinin təmin edilməsi, uçot-hesablaşma prosesində şəffaflığın qorunması və istehlakçı müraciətlərinin obyektiv araşdırılması qurumun əsas fəaliyyət istiqamətlərindəndir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər