HÖRMÜZƏ ALTERNATİV: Ankaranın GİZLİ "5 Marşrut" planı
Təhlil
03.04.2026 15:44
İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Daha əvvəl bildirilib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazından neft məhsullarının daşınmasını əlaqələndirmək üçün konsorsium yaratmaq imkanlarını araşdırır.
Sual yaranır, Türkiyə Hörmüzdən əlini üzüb?
Mövzunu TodayPress TV-yə siyasi analitik Şakir Ağayev şərh edib.

Onun sözlərinə görə, Hörmüz boğazından yan keçən boru kəmərləri mövcuddur, lakin Hörmüzdən keçən neftin həcmini, yəni məhsuldarlığını tam əvəz edə bilmir. Türkiyə isə İraq və Suriya üzərindən quru yolla neft məhsullarının daşınması üçün alternativ təqdim edib və bu gün bunu çıxış yolu kimi gündəmə gətirir.
Politoloq qeyd edib ki, Hörmüz boğazı yalnız müharibədən sonra açıla bilər:
"Bəs Türkiyə Hörmüzdən əlini çəkirmi? Faktiki olaraq, bu gün Hörmüz boğazından İranın istəmədiyi heç bir ölkə heç bir tanker keçə bilmir. Yəni çox dövlətlər, Amerikanın, İsrailin və İranın müharibəsi fonunda, bu gün üçün bu marşrutdan istifadə edə bilmir. Dünən isə Avropa ölkələrinin, xüsusilə İngiltərənin moderatorluğu ilə 41 ölkənin iştirakı ilə Hörmüz boğazı ilə bağlı bir tədbir keçirildi. Orada da qəti qərar qəbul olunmadı. Qərara gəldilər ki, Hörmüz boğazı ilə bağlı hər hansı qərar yalnız müharibədən sonra verilə bilər. Hətta müharibə bitdikdən sonra buna ehtiyac o qədər də böyük olmayacaq".
O, hesab edir ki, dövlətlərin silah gücünə Hörmüzü açmaq missiyasını üzərinə götürməməsi təbii haldır:
"Bu gün Hörmüz boğazını silah vasitəsilə açmaq həm mürəkkəb, həm də praktik olaraq mümkünsüzdür. Eyni zamanda, Türkiyə enerji resurslarından əziyyət çəkən ölkə olaraq alternativ marşrutlar hazırlayır. Bu marşrutlar gələcəkdə Türkiyədən keçəcək loqistika üçün də çox önəmlidir. Əgər neft məhsulları Suriyanın üzərindən keçərsə, sözsüz ki, Türkiyədən də tranzit olunacaq. Bu, Türkiyəni həm tranzit ölkə, həm də enerji mərkəzi kimi mühüm mövqeyə çıxarır".
Ş Ağayev nəzərə çatdırıb ki, Türkiyə çox yaxşı başa düşür ki, sabah atəşkəs olsa belə, Hörmüzdən gəmilərin tam təhlükəsiz keçməsinə zəmanət yoxdur: "Gələcəkdə, məsələn, 1, 3 və ya 5 ildən sonra hər hansı müharibənin olmayacağını demək çətindir. Çünki görürük ki, Livan-İsrail və Qəzza bölgəsi ilə bağlı atəşkəslər hələlik kağız üzərində qalır və praktikada həyata keçirilmir. İranla bağlı vəziyyət də bənzər ola bilər: bu gün açıla bilər, amma sabah yenidən münaqişə baş verə bilər. Buna görə də daimi alternativ marşrutlara ehtiyac var və Türkiyə bunu nəzərə alır".
Analitik sonda əlavə edib ki, Hörmüz boğazı atəşkəsdən sonra açılsa belə, İran artıq boğazın onun yurisdiksiyasında olmalı olduğunu şərt qoyub. Keçən gəmilər Hörmüzə görə ona ödəniş etməlidir. Üstəlik, Hörmüz boğazının tam təmizlənməsi – yanan və batan gəmilər, minalar – bir neçə ay çəkə bilər. Bu isə enerji bazarında böyük bir krizis yaradacaq. Buna görə də Türkiyə alternativ marşrutları təklif edir. Burada əl çəkmək məsələsi yoxdur; söhbət bugünkü geosiyasi reallıqlardan və praktiki ehtiyaclardan gedir.
Qeyd edək ki, Tehran Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlayıb. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın icazəsi olmadan boğazdan keçən bir neçə tankerə zərbə endirib.
Jalə Rövşən
tag: Şakir Ağayev,Siyasi ekspert,Türkiyə,Hörmüz ,Misir ,Səudiyyə Ərəbistanı,Todaypress.tv,
