Ermənistanda xalq yeni konstitusiyaya hazırdır? – ŞƏRH

Təhlil

18.03.2026 16:37

Ermənistanda yeni Konstitusiyanın layihə mətni artıq hazırlanıb və “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin iclasında, eləcə də eyni adlı parlament fraksiyasında müzakirəyə çıxarılacaq. 

Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Nazirlik yanında İctimai Şuranın ilk iclasında məlumat verib. 


Erməni nazir bildirib ki, layihə mövcud idarəetmə sistemindən imtinanı nəzərdə tutmur. Sənəddə hakimiyyət qollarının daha çox desentralizasiyasına və onların balanslaşdırılmasına yönələn dəyişikliklər təklif olunur. 

Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olunmayacağı vurğulanıb.

Əgər mətn hazırdırsa, sadəcə referendumun keçirilməsi qalır. Bəs referendumu seçkilərdən dərhal sonra təşkil etmək mümkün olacaqmı? Xalq yeni konstitusiyanın qəbuluna razılaşmaya bilərmi?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, Ermənistanda yeni Konstitusiya layihəsinin hazır olması, ilk baxışdan, referendumun keçirilməsinə doğru bir addım kimi görünə bilər, lakin bu prosesin reallaşması bir sıra hüquqi, siyasi və sosial amillərdən asılıdır:


“Referendumun seçkilərdən dərhal sonra təşkil olunması texniki baxımdan mümkündür. 

Belə ki, Ermənistan qanunvericiliyinə görə, parlament referendumun çağırılması ilə bağlı qərar qəbul edərsə, səsvermə 50–65 gün ərzində keçirilməlidir. 

Lakin reallıqda bu proses bir neçə maneə ilə üzləşə bilər. 

Hüquqi prosedurların tamamlanması, seçicilərin məlumatlandırılması, təşviqat kampaniyalarının aparılması və nəticələrin idarə olunması üçün müəyyən müddət tələb olunur. 

Bu baxımdan, seçkilərdən dərhal sonra referendumun keçirilməsi texniki olaraq sürətli, lakin praktik cəhətdən çətin bir addım ola bilər”.    


Ekspert burada ən əsas məsələnin seçicilərin mövqeyi olduğunu deyib:

“Yeni Konstitusiyanın qəbuluna dair ictimai rəyin müxtəlifliyi layihənin ehtiva etdiyi dəyişikliklərin miqyası və məzmunu ilə sıx bağlıdır. 

Ermənistan cəmiyyətində siyasi qütbləşmə hələ də mövcuddur və seçicilərin böyük bir hissəsi hökumətin təqdim etdiyi layihəyə skeptik yanaşır; hər halda, keçirilən sorğuların nəticələri bu qənaəti formalaşdırır. Söhbət təkcə yeni Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadların çıxarılmasından getmir. Eyni zamanda təklif olunan dəyişikliklərin icraedici hakimiyyətin səlahiyyətlərini artırması, parlament və məhkəmə sistemi üzərində yeni təsir mexanizmləri yaratması ehtimalı seçicilər arasında narazılıq riskini yüksəldir. Bu isə referendumun nəticələrini proqnozlaşdırmağı çətinləşdirir”.

Analitikin fikrincə, digər məsələ referendumun siyasi əhəmiyyətinin Ermənistanın daxili və regional siyasətinə təsiri ilə bağlıdır:


“Mövcud məlumatlardan aydın olur ki, yeni Konstitusiya həm daxili siyasi balansı, həm də Ermənistanın Avropa və region dövlətləri ilə münasibətlərini tənzimləməkdə mühüm rol oynayacaq. Bu baxımdan, hökumət referendumun nəticələrini legitimləşdirmək üçün geniş ictimai dəstəyi təmin etməyə çalışmalıdır. İctimaiyyətin maarifləndirilməsi və dəyişikliklərin əhəmiyyəti ilə bağlı geniş izahat işlərinin aparılması referendumun uğuru üçün vacibdir.

Nəhayət, seçicilərin münasibətini proqnozlaşdırarkən Ermənistanın keçmiş təcrübəsi və referendumlarda iştirak səviyyəsi nəzərə alınmalıdır. Əgər layihə geniş ictimai dəstəklə təqdim edilməzsə, seçicilərin skeptikliyi artacaq və bu, səsvermənin nəticələrinə birbaşa təsir edəcək. Odur ki, Ermənistan hakimiyyətinin həm də siyasi opponentlərin fəaliyyətini, onların təşviqat kampaniyalarını və ictimai müzakirələrini izləməsi, müvafiq cavab addımları atması zəruri şərtdir”.  

R.Bayramov sonda əlavə edib ki, Ermənistan üçün yeni Konstitusiyanın qəbulu texniki baxımdan sürətlə həyata keçirilə bilər, lakin praktikada referendumun uğuru üçün hazırlıq müddəti, seçicilərin maarifləndirilməsi və geniş ictimai konsensus zəruridir. Ermənistan hakimiyyəti də bu dəstəyi təmin etmək üçün maksimum səy göstərməlidir.

Qiymət Mahir

TodayPress TV

tag: Rəşad Bayramov,Politoloq,Ermənistan,yeni konstitusiya,