Azərbaycan boksçularından Avropada parlaq çıxış: uğurlar davam edir!
Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər.
TodayPress TV xəbər verir ki, milli komandalarımız qatıldıqları dörd qitə birinciliyində ümumilikdə 25 medal əldə ediblər.
Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si isə bürünc əyarlıdır.
Ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçularımız Trabzonda təşkil olunan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.
U-17 millimiz qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandamızın iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan himnini səsləndirib.
U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.
Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Komandalarımız bu yarışların üçündə medal əyarına görə ilk “altılıq”da yer alıblar.
Qeyd edək ki, qitə çempionatlarında əldə olunan nəticələr bununla yekunlaşmır. Noyabrda keçiriləcək U-23 Avropa çempionatı millimizə medal sayını artırmaq və ilin uğurlarına yeni nailiyyətlər əlavə etmək imkanı yaradacaq.
Namiq HUN