Pezeşkian tarixi fürsətlə üz-üzə: İranda Azərbaycan dilində məktəblər açılacaq?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət edərək bu ölkədə yaşayan milyonlarla soydaşımızın ana dilində təhsil alması, məktəblərin açılması və milli mətbuatın inkişafı ilə bağlı mühüm çağırışlar edib.
Bəs bu çağırışlar vəziyyəti dəyişə bilər?
Məsələ ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri Faiq Ələkbər TodayPress TV-yə açıqlama verərək İranda ana dilində təhsilin tarixini, mövcud maneələri və bu müraciətin yarada biləcəyi nəticələri təhlil edib.
O qeyd edib ki, İranda əhalinin yarıdan çoxunu təşkil edən türk xalqlarının, xüsusilə də 40-45 milyon azərbaycanlının ana dilindən məhrum edilməsi tarixi ədalətsizlikdir:
"Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup alimi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət edərək orada yaşayan azərbaycanlıların, Azərbaycan türklərinin və ümumiyyətlə, bütün türk xalqlarının nümayəndələrinin öz ana dillərində təhsil almaları məsələsini gündəmə gətiriblər. Biz də bu proseslərdə hər zaman iştirak etmişik. Çünki bizim əsas məqsədimiz təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların da öz ana dillərində təhsil almalarını təmin etməkdir. Əslində, Qacarlar dövründə belə bir problem mövcud deyildi. 1925-ci ilə qədər ölkədə müxtəlif xalqların öz ana dillərində təhsil almaları üçün imkanlar var idi. Lakin Pəhləvilər hakimiyyətə gəldikdən sonra, 1925-ci ildən 1979-cu ilə qədər Azərbaycan türklərinin öz ana dillərində təhsil almalarına qadağa qoyuldu. 1979-cu ildə qurulan İran İslam Respublikası da Konstitusiyasının 15-ci maddəsində hər kəsin öz ana dilindən istifadə etməsi və həmin dildə təhsil alması ilə bağlı müddəalar yer almasına baxmayaraq, bu müddəaları lazımi səviyyədə həyata keçirmədi".
Alim vurğulayıb ki, mövcud qadağalar nəticəsində hər il on minlərlə azərbaycanlı uşaq məktəbə gedərkən öz ana dilindən məhrum edilir:
"Məsələn, Azərbaycan Respublikasında hər il təxminən 120-130 min şagird birinci sinfə gedirsə, İranda yaşayan azərbaycanlıların sayının ən azı 40-45 milyon olduğunu nəzərə alsaq, orada da ana dilində təhsil almaq hüququndan məhrum edilən çox sayda uşağın olduğunu görərik. Beləliklə, hər il on minlərlə azərbaycanlı uşaq birinci sinfə öz ana dilində deyil, fars dilində təhsil almağa başlayır. Bu vəziyyət yuxarı siniflərdə də davam etdiyindən, nəticədə ana dilində təhsil ala bilməyən uşaqların və gənclərin sayı yüz minlərlə, hətta daha çox olur".
Fəlsəfə doktoru qeyd edib ki, özünü İslam dövləti adlandıran rejimin bu siyasəti dinin əsl mahiyyətinə də ziddir:
"Bəs bu məsələnin həllinə mane olan nədir? Məncə, əsas problemlərdən biri odur ki, Pəhləvilər rejimi kimi, özünü İslam dövləti elan edən İran İslam Respublikası da bəyan etdiyi dini prinsipləri və İslamın mahiyyətini bu məsələdə lazımi səviyyədə rəhbər tutmur. Halbuki İslam dini bütün müsəlmanların qardaşlığını vurğulamaqla yanaşı, xalqların öz dillərini və mədəniyyətlərini qoruyub saxlamalarının əhəmiyyətini də önə çəkir. Bu yanaşma İslamın ümumi mahiyyətində öz əksini tapır".
Dosent sonda Məsud Pezeşkianın seçki ərəfəsində verdiyi vədləri xatırladaraq, bu müraciətin nəticə verəcəyinə ümid etdiyini bildirib:
"Şübhəsiz ki, özünü azərbaycanlı, Azərbaycan türkü kimi təqdim edən Məsud Pezeşkianın bu məsələyə münasibəti məndə ümid yaradır. İnanıram ki, bu ümid özünü doğruldacaq və Azərbaycan dili — Azərbaycan türkcəsi İranda məktəblərdə rəsmi şəkildə tədris olunmağa başlayacaq. Ümid edirik ki, Azərbaycan alimlərinin yenidən bu cür müraciətlərlə çıxış etməsi, QHT-lərin və digər təşkilatların da müvafiq təşəbbüslər göstərməsi nəticəsiz qalmayacaq. Arzu edirik ki, Məsud Pezeşkian seçki ərəfəsində verdiyi vədlərə əməl etsin və İranda yaşayan azərbaycanlı uşaqlar birinci sinifdən etibarən öz ana dillərində təhsil almaq imkanı əldə etsinlər. Məsud Pezeşkianın qarşısında həm də tarixə düşmək imkanı var. O, Azərbaycan türkcəsində təhsilin qarşısındakı maneələrin aradan qaldırılması istiqamətində real addımlar atmaqla tarixdə müsbət iz qoya bilər", - deyə F.Ələkbər qeyd edib.
Türkan İsgəndərli