İkiillik fasilədən sonra dönüş? Rikkardo Ferstappenlə yarışmaq istəyir!

İkiillik fasilədən sonra dönüş? Rikkardo Ferstappenlə yarışmaq istəyir!
28.10.2026 16:06 İdman

“Formula-1”in sabiq pilotu Daniel Rikkardo dördqat dünya çempionu Maks Ferstappenlə birlikdə “24 saat Le-Man” marafonunda iştirak etmək üçün yenidən yarışlara qayıtma ehtimalını istisna etməyib.

TodayPress TV xəbər verir ki, avstraliyalı pilot bu barədə “Beyond The Grid” podkastında danışıb.

Rikkardo “24 saat Le-Man” yarışı üçün ideal komanda quracağı təqdirdə Ferstappeni heyətində görmək istədiyini bildirib. O, bunun üçün mütləq “Formula-1” pilotlarını seçməyin vacib olmadığını vurğulayıb.

“Kimləri ideal komandamda görmək istərdim? Düşünürəm ki, bu, mütləq “Formula-1” pilotları olmalı deyil. Maksı bu məsələdə sıxışdırmaq istəmirəm, amma əlbəttə, onun adı siyahımın yuxarı pillələrində olardı. O, 3 nömrəli avtomobillə qalib gələndə düşündüm: “Bəli, məhz budur”. Bu, məndə xoş hisslər yaratdı. Deməli, qərarımız bəllidir: 3 nömrəli avtomobil olacaq”, – Rikkardo deyib.

Avstraliyalı pilot 2018-ci ildə “Red Bull”da Ferstappenlə birlikdə çalışdıqları dövrü də xatırladıb. O, karyerasının sonlarına yaxın komandaya qayıdaraq revanş almağa çalışdığını bildirib.

Rikkardo belə bir yarışın onun yenidən fiziki hazırlığa başlamasına səbəb ola biləcəyini də qeyd edib:

“Bəlkə də, bu, insanlara istədiklərini verməyin yollarından biridir. Düşünürəm ki, bu, məni yenidən boyun qoruyucusunu çıxarmağa vadar edə bilər. Artıq iki ildir boyun əzələlərimi məşq etdirmirəm və bu, əladır. Boynum nazikləşib. Ən maraqlısı isə “Formula-1” pilotlarına baxıb düşünməyimdir: “İlahi, bizim boyunlarımız həqiqətən bu qədər qalın idi?”

Rikkardo yarışlara qayıtmaq ehtimalını tamamilə istisna etməyib. O, bunun üçün uyğun şəraitin yaranmalı və qərarın düzgün olduğuna inanmalı olduğunu vurğulayıb.

"Görək necə olacaq. Hər şey yaxşı alınsa, şərait uyğun olsa və bunun doğru qərar olduğunu hiss etsəm, əlbəttə, qayıtmaq üçün ciddi səbəblərim olsa, bəlkə də... Bunun mümkünsüz olduğunu deməyəcəyəm”, – sabiq pilot bildirib.


Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər