Çənbər daralır: Vaşinqtonun hesablaması niyə yanlış çıxdı?
Təhlil
31.03.2026 17:29
ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların cəmi 4–5 həftə çəkəcəyi ilə bağlı verdiyi proqnozun artıq dördüncü həftəsi geridə qalıb.

Riyazi hesablamalar aprelin ortasını həlledici mərhələ kimi göstərsə də, reallıq daha mürəkkəbdir: ali dini liderin və yüksək rütbəli generalların itirilməsinə baxmayaraq, Tehran rejimi hələ də sarsılmayıb, diplomatik masa isə boş qalır.
Bəs Trampın bu proqnozu hansı hesablamalara əsaslanırdı?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, Donald Trampın müharibənin 4–5 həftəyə qədər başa çatacağı ilə bağlı iddiası əsasən qısamüddətli hərbi əməliyyatlar və sürətli strateji üstünlük hesablamalarına söykənirdi:

“Şübhəsiz ki, Tramp bu proqnozu verərkən tərəflərin hərbi potensialını və ABŞ-nin texnoloji üstünlüyünü nəzərə almışdı. İlk günlərdə xüsusi əməliyyatların sürəti və əsas liderlərin zərərsizləşdirilməsi onda müharibənin qısa müddətdə başa çatacağı ilə bağlı təəssürat yaratmışdı. Trampın çıxışlarında da vurğulandığı kimi, ali dini liderin və yüksək rütbəli generalların aradan götürülməsi İranın komanda-zəncirinə ciddi təsir göstərə və qısa müddətdə idarəetmə boşluqları yarada bilərdi. Başqa sözlə, ABŞ “şok və qorxu” strategiyası ilə sürətli nəticə əldə etməyi hədəfləyirdi. Lakin mövcud vəziyyət göstərir ki, bütün bunlara baxmayaraq, rejim dəyişməyib və müharibə davam edir”.
Analitikin sözlərinə görə, bu vəziyyət bir neçə amillə izah oluna bilər:
“İranın hərbi və siyasi strukturlarının dayanıqlılığı, milli motivasiya, əhalinin və hərbi qüvvələrin davamlı müqaviməti, həmçinin ABŞ-nin münaqişəni qısa müddətdə bitirmək planlarının həyata keçirilməsində yaranan texniki və taktiki çətinliklər. Görünən odur ki, müharibənin qısa müddətdə başa çatacağını proqnozlaşdırmaq üçün zəruri olan strateji və kəşfiyyat məlumatları kifayət qədər dəqiq olmayıb”.
Rəşad Bayramov əlavə edib ki, aprelin ortalarına qədər müharibə başa çatmasa və ya danışıqlar nəticəsiz qalsa, bu, ABŞ üçün qısamüddətli planların uğursuz olduğunu göstərərək uzunmüddətli qarşıdurma ssenarisini aktuallaşdıracaq.
Onun fikrincə, uzunmüddətli müharibə ABŞ üçün həm iqtisadi, həm hərbi, həm də diplomatik baxımdan ciddi xərclər yarada bilər. Bu, həm daxili ictimai rəyə, həm də beynəlxalq tərəfdaşların Vaşinqton siyasətinə münasibətinə təsir göstərə bilər. Eyni zamanda, belə bir münaqişə regionda enerji təhlükəsizliyi, ticarət yolları və tərəfdaş ölkələrin sabitliyi baxımından əlavə risklər yaradır.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,Vaşinqton,İran,Donald Tramp,Todaypress.tv,
