Bakıdan Tehrana SON XATIRLATMA: Cavab gözləyirik!
Təhlil
19.03.2026 15:52
Xarici İşlər Naziri Ceyhun Bayramov Ər-Riyadda bir sıra müsəlman ölkələrinin xarici işlər nazirlərinin məsləhətləşmə görüşündə Bakının İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözlədiyini bildirib.
![]()
Sözügedən məsələni Milli Məclisin deputatı Elman Nəsirov TodayPress TV-yə şərh edib.

O, qeyd edib ki, Əl-Riyaddakı görüşün sonunda bəyanat qəbul olunub:
“İlk növbədə bu bəyanatda İranın son hücumları kəskin şəkildə pislənilib və iştirakçı ölkələrin regional təhlükəsizlik üzrə əsas məsələlərə münasibəti ifadə olunub. Görüşdə Səudiyyə Ərəbistanı, Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri iştirak ediblər. Burada əsas narahatlıq doğuran məsələ kimi o vurğulanıb ki, İran tərəfi raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə yaşayış məntəqələrini, mülki infrastrukturu, neft və su sektoruna aid obyektləri, hava limanlarını, eləcə də diplomatik nümayəndəlikləri hədəfə alır. Belə olan vəziyyətdə İranın hədəfində olan dövlətlər BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edib özünün fərdi və kollektiv müdafiə hüququndan istifadə edə bilərlər və bu da beynəlxalq hüquqa uyğun bir addım olacaq”.
Parlamentari diqqətə çatdırıb ki, bu müzakirələr zamanı Livanın təhlükəsizliyi və sabitliyinə dəstək də ifadə olunub və xüsusilə İsrailin bu ölkə ərazisinə hücumları kəskin şəkildə qınanıb.

“Yeri gəlmişkən tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da çıxış edib. O, çıxışında mart ayının 5-də İranın Naxçıvana PUA zərbələrini xatırladıb və bildirib ki, Azərbaycan İran tərəfindən hadisənin hərtərəfli araşdırılmasını gözləyir”.
Parlamentari yekun olaraq bildirib ki, Azərbaycan bu mövzuda qətiyyətli reaksiya gözləyir:
"Biz İranın bu insidentlə bağlı Azərbaycan tərəfinə dolğun, hərtərəfli, əsaslandırılmış bir informasiya verməyini gözləyirik. Ümid edirik ki, İran mehriban qonşuluq prinsiplərindən çıxış edərək baş vermiş hadisə ilə bağlı öz mövqeyini bildirəcək. Azərbaycanın bu məsələ ilə bağlı operativ və qətiyyətli reaksiya verdiyi bəllidir, eyni reaksiyanı qarşı tərəfdən – İrandan gözləyirik.
Xatırladaq ki, martın 5-də İran istiqamətindən Naxçıvana dron hücumu həyata keçirilib.
Jalə Rövşən
tag: Elman Nəsirov,Deputat,Bakı,Tehran,Todaypress.tv,
