Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə qarşı çıxmışdı və bu dəfə qalib idi

Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə  qarşı çıxmışdı və bu dəfə qalib idi
18.06.2026 11:21 Təhlil

1972-ci il iyunun 18-i, Brüsseldəki Heysel stadionunda bir kubokdan qat-qat artıq, çox şey həll olunurdu.


Meydanda görünən iyirmi iki futbolçu  Qərbi Almaniya və Sovet İttifaqı formalarında o axşam əslində iki ayrı dünyanın, iki rəqib iqtisadi modelin paltarını geyinmişdi. Berlin divarı hələ qitənin ortasında dimdik dayanırdı, Avropa iki bloka bölünmüşdü, və 43.437 tamaşaçının izlədiyi bu görüş qərb mətbuatında tezliklə “stadionda gedən soyuq savaş” adı ilə yazılmağa başladı (Wagg & Andrews, 2007).

Hesab 3-0 oldu, qalib Qərbi Almaniya oldu,  lakin bu rəqəm, ölkənin 1972-ci ildə yaşadığı daha geniş hekayənin ancaq bir fəsli idi.

O vaxtkı format bugünkündən tamam fərqli idi. Final mərhələsinə cəmi dörd komanda çıxırdı, aralıq mərhələ olmadan birbaşa əsas sisteminə keçilirdi. Qərbi Almaniya seçmə qrupunda Türkiyə, Albaniya və Polşanı arxada qoyaraq dörddə birə, oradan isə İngiltərə ilə iki mərhələli görüşə başladı.

Bu görüşlərin birincisi 1972-ci il aprelin 29-da Vembli meydanında oynanılan oyun  futbol tarixinə ayrıca bir səhifə kimi yazıldı:

Günter Netzer həmin gecə elə bir performans göstərdi ki, “Borussia Mönxenqladbax” oyunçusunun adı bir gecədə bütün Avropada dolaşdı, komandasını isə 3-1 hesablı qələbəyə apardı. Goldblatt bu nəticəni xüsusi qeyd edir: futbolun beşiyi sayılan İngiltərədə qazanılan həmin qələbə Qərbi Almaniyanın artıq təkcə iqtisadi “vunderkind” kimi və futbol gücü kimi də tanınmağa başladığının ilk açıq işarəsi idi (Goldblatt, 2006).


Sovet İttifaqı isə finala başqa yoldan çıxmışdı. Aleksandr Ponomaryovun komandası seçmə qrupunda Kipri, İspaniyanı və Şimali İrlandiyanı geridə qoymuş, növbəti mərhələdə Yuqoslaviyanı 3-0 hesabı ilə darmadağın etmiş, yarımfinalda isə Macarıstanı 1-0 məğlub etmişdi.

Amma Sovet İttifaqında milli komandanın nəticələri heç vaxt sırf idman statistikası olaraq qalmırdı. Şərq blokunda hər idman qələbəsi dövlət mətbuatında sosializm modelinin canlı sübutuna çevrilir, məğlubiyyətlərdən isə imkan daxilində az danışılırdı (Balbier, 2007).

Deməli, Brüssel finalına yollanan komanda sistemin nüfuzu üçün meydana çıxırdı.

Bir təsadüf də diqqətdən kənarda qalmamalıdır: iki komanda finaldan düz bir ay əvvəl, mayın 26-da, Münxenin Olimpiya stadionunda dostluq oyunu keçirmişdi.

O vaxt hələ heç kim bilmirdi ki, bu məkan bir neçə ay sonra dünya idman tarixinin ən faciəli hadisələrindən birinə şahidlik edəcək. Gerd Müller tək özü dörd qol vuraraq komandasını 4-1 qələbəyə aparmışdı. Beləcə final öncəsi psixoloji üstünlük artıq formalaşmışdı. Amma bu üstünlük heç kəsi sentyabr ayında Münxendə baş verəcək terror hücumunun ağırlığından qurtara bilməzdi. 1972-ci il Qərbi Almaniya yaddaşında həm zəfər, həm də faciə ili kimi həkk olundu.

Yarımfinalda Qərbi Almaniya ev sahibi Belçikanı 2-1 hesabı ilə sındırıb keçdi. Antverpendəki Bosuil stadionunda Müllerin iki qolu kifayət etdi. Nəticədə Brüsseldə kimin kiminlə qarşılaşacağı bəlli oldu: qitəni Şərq və Qərbə bölən sərhəd xəttinin futbol meydanındaki əksi.

İyunun 18-də Heysel stadionunda oynanılan final, futbol tarixçilərinin yaddaşında Avropa çempionatları tarixinin ən birtərəfli yekun qarşılaşmalarından biri kimi qalıb.


Franz Bekkenbauerin o vaxta qədər görünməmiş “libero” mövqeyindən idarə etdiyi Qərbi Almaniya hücumu ilk dəqiqələrdən təşəbbüsü ələ aldı. 27-ci dəqiqədə Netzerin ortasını Müller başla qapıçı Yevgeni Rudakovun yanından keçirdi. 52-ci dəqiqə Herbert Vimmerin qolu hesabı 2-0-a çatdırdı, 58-ci dəqiqədə isə Müllerin ikinci qolu son nəticəni 3-0 yekunlaşdırdı.

Avstriyalı referi Ferdinand Marşalın son fitini çalması ilə Qərbi Almaniya öz tarixində ilk dəfə Avropa çempionu oldu.

Turnirin seçmə heyətinə yeddi Qərbi Almaniya futbolçusunun düşməsi, elə həmin ilin Qızıl Top sıralamasında ilk üç yerin də Bekkenbauer, Müller və Netzer arasında bölüşdürülməsi az qala özlüyündə bir bəyanat idi (Goldblatt, 2006).

Bonn hökumətinin həmin dövrdəki xarici siyasətinə baxdıqda mənzərə daha aydın görünür. Sosial-demokrat kansler Willy Brandtın “Ostpolitik” siyasəti çərçivəsində Qərbi Almaniya 1970-ci ildə Moskva və Varşava müqavilələrini imzalamış, 1971-ci ildə Berlin üzrə Dörd Dövlət Sazişinə nail olmuşdu. 1972-ci ilin əvvəlində isə bu sazişlərin Bundestaqda ratifikasiyası ətrafında ciddi daxili mübahisələr yaşanırdı.

Demək olar ki, eyni vaxtda futbol komandası da Sovet İttifaqı ilə meydanda qarşılaşırdı.

Wagg və Andrews-un qeyd etdiyi kimi, Soyuq Müharibə dövründə idman və diplomatiya bir-birini tamamlayan iki paralel sahə kimi fəaliyyət göstərirdi: danışıqlar masasında gərginliyi azaltmaq cəhdləri davam edərkən, stadionlarda hər iki tərəf öz siyasi sisteminin üstünlüyünü nümayiş etdirməyə çalışırdı (Wagg & Andrews, 2007).

Bu baxımdan, Brüssel finalını detant prosesinin emosional əks-sədası kimi qiymətləndirmək olar.

Çünki siyasi masada yaxınlaşma axtarılırdısa, meydanda hələ də köhnə rəqabətin dili eşidilirdi.

Komandanın heyətindəki fərdi talelərə baxdıqda dövrün ziddiyyətləri daha aydın görünür. Finalda meydana çıxan 20 yaşlı müdafiəçi Paul Breitner bir neçə il sonra əlində Mao Zedongun “Qırmızı Kitabça”sı ilə çəkdirdiyi foto ilə böyük müzakirələrə səbəb olmuşdu.

Onun siyasi baxışları açıq şəkildə sol yönümlü idi. Kuper də bunu Qərb futbolunun sadə Şərq-Qərb bölgüsünə sığmadığının nümunəsi kimi göstərir (Kuper, 1994).

Maraqlı paradoks yaranırdı: meydanda “kapitalizmi” təmsil edən komandanın heyətində kapitalizmi tənqid edən bir futbolçu oynayırdı.

1972-ci il ümumilikdə idman tarixində Soyuq Müharibənin ən çox hiss olunduğu illərdən biri hesab olunur. Həmin ilin iyul-avqust aylarında Bobby Fischer ilə Boris Spassky arasında Dünya Şahmat Çempionatı 1972 uğrunda keçirilən şahmat qarşılaşması ABŞ-SSRİ rəqabətinin ən məşhur simvollarından birinə çevrilmişdi.


Yayın sonunda isə 1972 Yay Olimpiya Oyunları Münxendə başladı və sentyabrın əvvəlində baş verən terror hücumu dünyanın diqqətini yenidən bu şəhərə yönəltdi.

Bu fonda, Qərbi Almaniyanın iyun ayında qazandığı futbol çempionluğu ölkənin Olimpiadaya “yeni, sülhsevər Almaniya” obrazı ilə hazırlaşdığı dövrdə gözlənilməz, lakin güclü bir simvolik təsdiq rolunu oynadı (Goldblatt, 2006).

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər