Emin Əmrullayev: Təhsildə əsas məqsəd bərabər imkanların yaradılmasıdır
"Təhsilin əlçatanlığının təmin edilməsi və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması əsas prioritetlərdən biridir".
TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil imkanlarından yalnız müəyyən sosial qrupların deyil, bütün vətəndaşların yararlanması vacibdir. Onun sözlərinə görə, təhsil sistemində əsas diqqət təhsilin əlçatanlığına, keyfiyyətinin yüksəldilməsinə və hər bir vətəndaş üçün bərabər imkanların yaradılmasına yönəldilir.
"Bu yanaşma xüsusilə bölgələrdə, kəndlərdə və müxtəlif sosial qrupları təmsil edən vətəndaşların təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Həyata keçirilən tədbirlərin nəticələrini qiymətləndirərkən əsas məqsəd təhsildə göstəricilərin və nəticələrin əsaslı şəkildə yaxşılaşmasını təmin etməkdir".
E.Əmrullayev bu prosesdə müəllimlərin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, təhsilin inkişafı istiqamətində görülən işlərdə ən böyük zəhməti müəllimlər çəkir və əldə olunan nəticələrdə onların xüsusi rolu var.
Türkan İsgəndərli
TudayPress TV