Avropa Ukraynanın taxılından narahatdır
Avropa İttifaqı Ukraynanın bloka üzv olması halında onun kənd təsərrüfatı bazarına və subsidiyalara çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” Aİ Komissiyasının hazırladığı yeni genişlənmə çərçivəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Brüssel Ukraynanın böyük kənd təsərrüfatı potensialının mövcud üzv ölkələrin bazarlarına və fermerlərinə təsirindən narahatdır. Xüsusilə Polşa, Fransa və İtaliyada Ukraynadan böyük həcmdə taxıl idxalının yerli istehsalçılara təsiri ilə bağlı narahatlıqlar mövcuddur.
Aİ-nin kənd təsərrüfatı subsidiyalarının illik həcmi təxminən 55 milyard avrodur. Hazırlanan yanaşmaya əsasən, Ukraynanın üzvlükdən sonra bu vəsaitlərə çıxışı digər üzv ölkələrlə eyni şərtlərlə olmaya bilər.
Bunun əvəzinə Brüsselin Ukraynaya müharibə səbəbindən itirilmiş və ya pozulmuş Aİ-dən kənar ixrac bazarlarına çıxışını bərpa etməkdə dəstək verməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, Ukrayna Aİ-yə üzvlük üzrə danışıqlar aparır və kənd təsərrüfatı bloka inteqrasiya prosesində ən mürəkkəb istiqamətlərdən biri hesab olunur. Ukrayna hökuməti də kənd təsərrüfatı sektorunun Aİ-nin vahid bazar qaydalarına uyğunlaşdırılmasının qarşıdakı əsas məsələlərdən biri olduğunu bildirir.
Jalə Rövşən