Çin dünyanı təəccübləndirən zavod tikir

Çin dünyanı təəccübləndirən zavod tikir
05.10.2026 12:36 Dünya

Çinli alimlər dəniz suyunun elektrolizi sahəsində inqilabi texnoloji yeniliyə imza atıblar.

TodayPress TV xəbər verir ki, məlumata görə, Dalian Kimyəvi Fizika İnstitutunun tədqiqatçıları əvvəllər elektrik enerjisinin 30%-nin itməsinə səbəb olan istilik sızmasını aradan qaldıraraq prosesin səmərəliliyini kəskin artırıblar. 

Tətbiq olunan yeni texnologiya tullantı istiliyini itki kimi deyil, resurs kimi istifadə edərək eyni vaxtda həm hidrogen, həm də şirin su istehsalını təmin edir. İllik gücü 99.9999% təmizlikdə 380 min standart kubmetr hidrogen və 256 ton şirin su təşkil edən sistem ənənəvi üsullarla müqayisədə 14.4% daha yüksək enerji səmərəliliyi nümayiş etdirir.

Prosesdən sonra geridə qalan qatılaşdırılmış duzlu su da tullantıya çevrilmir. Mərhələli emal nəticəsində həmin məhluldan duz, uran, brom və digər dəniz resursları çıxarılaraq layihəyə əlavə gəlir gətirir.

Qeyd edək ki, bu üsul hidrogenin maya dəyərini kəskin  aşağı salır. Quru külək enerjisi ilə 1 kiloqram hidrogenin hasilatı 2.1 dollara, günəş enerjisi ilə isə 2.9 dollara başa gəlir. Hazırda hidrogenin bazar qiymətinin 3.9 dollar olduğunu nəzərə alsaq, Çin alimlərinin hazırladığı bu sistem illərdir korroziya və enerji itkisi səbəbindən ləngiyən "yaşıl hidrogen" istehsalında tamamilə yeni era açır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər