Aİ Ermənistana niyə kömək edəcək? - Politoloq AÇIQLADI

Təhlil

17.03.2026 22:23

Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, Ermənistanın xahişi ilə Aİ ölkədə keçiriləcək seçkilərdən əvvəl hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün xüsusi sürətli reaksiya qrupu yerləşdirəcək.  

Politoloq Rəşad Bayramov bu barədə TodayPress TV-yə danışıb.


O qeyd edib ki, bu addım təkcə texniki təhlükəsizlik tədbiri deyil, həm də siyasi mesaj xarakteri daşıyır, lakin bunu Ermənistanın Rusiyadan tam uzaqlaşması kimi qiymətləndirmək hələ tezdir.  

Analitikin sözlərinə görə, ilk növbədə “hibrid təhdidlər” anlayışının mahiyyətinə diqqət yetirmək lazımdır: 

“Bu anlayış seçkilərə kənar müdaxilə, dezinformasiya kampaniyaları, kiberhücumlar və daxili sabitliyi pozmağa yönəlmiş qeyri-ənənəvi təsir alətlərini əhatə edir. Ermənistanın belə bir dəstəyə ehtiyac duyması isə ölkənin təhlükəsizlik mühitinin nə qədər həssas olduğunu göstərir və bu baxımdan Aİ ilə əməkdaşlıq daha çox texniki və institusional sabitliyin gücləndirilməsinə yönəlib”. 

Siyasi şərhçi bildirib ki, bu addımın geosiyasi kontekstdə daha geniş mənası da var. Belə ki, son illərdə Ermənistan tədricən xarici siyasətini diversifikasiya etməyə çalışır və ənənəvi olaraq Rusiya ilə sıx təhlükəsizlik və iqtisadi əlaqələrə malik olan İrəvan artıq alternativ tərəfdaşlar, o cümlədən Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə başlayıb. 


Bununla belə, o vurğulayıb ki, Rusiyadan tam uzaqlaşma bir neçə səbəbə görə hələ də mübahisəlidir. Çünki Ermənistanın təhlükəsizlik infrastrukturu böyük ölçüdə Rusiya ilə bağlıdır və ölkə iqtisadi, enerji, hərbi sahələrdə Moskva ilə əlaqələrini birdən-birə kəsmək imkanına malik deyil. Eyni zamanda regiondakı geosiyasi balans İrəvanı çoxvektorlu siyasət aparmağa məcbur edir, yəni Ermənistan bir tərəfdən Avropa ilə yaxınlaşmağa çalışsa da, digər tərəfdən Rusiya ilə münasibətləri tam qırmaq riskinə getmir. 

R.Bayramov hesab edir ki, bu kontekstdə Avropa İttifaqının göndərdiyi reaksiya qrupunu daha çox “yumşaq təhlükəsizlik aləti” kimi qiymətləndirmək lazımdır: 

“Bu, hərbi ittifaq və ya təhlükəsizlik zəmanəti deyil, daha çox seçki prosesində Rusiyadan gələ biləcək təhdidlərin qarşısını almağa yönəlmiş addımdır. Eyni zamanda bu təşəbbüs Aİ-nin regionda rolunu artırmaq istədiyini göstərir”. 


Sonda ekspert bildirib ki, Ermənistanın bu addımı Rusiyadan tam uzaqlaşma deyil, daha çox mövcud riskləri azaltmaq üçün alternativ tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsidir. 

Onun fikrincə, Rusiyadan tamamilə uzaqlaşmaq üçün ölkə ilk növbədə iqtisadi asılılıqdan qurtulmalıdır ki, bunun yolu da Azərbaycanla sülhdən və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. 

Aysel Mətləb

TodayPress TV

tag: Avropa İttifaqı,Ermənistan,Rusiya,Rəşad Bayramov,TodayPress TV,