ABŞ və İsrailə qarşı “ÇİN SƏDDİ”: Müharibənin gizli oyunçusu

Təhlil

31.03.2026 13:42

Xarici mediada yayılan məlumatlara görə, İran ABŞ ilə istənilən danışıqlarda Çinin zəmanətini tələb edib. Bundan öncə isə  Çin ABŞ və İran arasında sülh danışıqlarının başlanması üçün uyğun şəraitin formalaşdırılmasına çağırış etmişdi.

Maraqlıdır, Çin  ABŞ, İsrail və İran müharibəsində hansı yerdə dayanır?  

Mövzunu politoloq Şakir Ağayev TodayPress TV-yə şərh edib.   


O bildirib ki, İran ABŞ-dən Çinin zəmanətini tələb edir, çünki hazırda Çin dünyanın əsas aparıcı oyunçularından biridir:   

"Şübhəsiz ki, Çinin İranda böyük maraqları mövcuddur. Çin İrana milyardlarla sərmayə yatırıb, o cümlədən Bəndər-Abbas limanına sərmayə qoyub. Bundan əlavə, İranın əsas neft alıcısı da Çindir. Hörmüz boğazından keçən əsas tankerlər Çinə məxsus neft tankerləridir, yəni İrandan ixrac olunan neftin böyük hissəsi Çinə gedir". 

Analitik hesab edir ki, ABŞ-nin Çinlə münasibətlərin pisləşməsini istəmədiyini İran yaxşı bilir:  

"Əgər Çin bir güc olaraq ABŞ-dən  zəmanət alarsa, bu gələcəkdə İran üçün böyük əhəmiyyət daşıya bilər. Çünki söhbət Çinin İrana yatırdığı böyük sərmayələrdən gedir. Çin bu münaqişənin mərkəzində gözəgörünməz şəkildə iştirak edir. İlk baxışdan aktiv şəkildə münaqişəyə qarışmadığı görünə bilər, amma heç kəsdə şübhə yaratmır ki, keçən il 12 günlük müharibədən – İsrail, Amerika və İran qarşıdurmasından – sonra İranın silah ehtiyatlarını artırmasında, yeni hava hücumundan müdafiə sistemlərini modernləşdirməsində Çinin müstəsna rolu olub".

Şakir Ağayevin qənaətincə, Çin üçün əsas prioritet müharibənin başa çatmasıdır: 


"Həm iqtisadi, həm siyasi, həm də logistik baxımdan İran rejiminin mövcudluğu və ABŞ-nin tam nəzarətinə keçməməsi Çin üçün çox əhəmiyyətlidir, hətta həyati əhəmiyyət daşıyır. Burada söhbət yalnız enerji resurslarından getmir; Hörmüz boğazı və gələcəkdə Çinin "Bir kəmər, bir yol" layihəsinin taleyi də müzakirə mövzusudur. Yəni logistik maraqlar əsas rol oynayır. Buna görə də, baxmayaraq ki, ilk baxışda Çin aktiv görünmür, əslində Çin münaqişənin ortasındadır və sözsüz ki, İran tərəfini dəstəkləyir. Çin üçün müharibənin başa çatması və İranın məğlub olmaması vacibdir”.   

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.  

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Politoloq,ABŞ,İsrail,Todaypress.tv,