ABŞ-də etirazlar: Demokratların şansı artır?

Təhlil

30.03.2026 17:32

“Amerika Birləşmiş Ştatlarında Prezident Donald Trampın əleyhinə kütləvi etiraz aksiyaları keçirilir və bu aksiyalar ölkənin bir çox ştatlarını əhatə edir. Bu vəziyyət onun reputasiyasına mənfi təsir göstərir”. 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.  


Onun sözlərinə görə, ABŞ-də seçki dövrünün başlaması və Donald Trampın reytinqinin azalması ölkədə siyasi balansı dəyişə bilər:  

“Noyabr ayında praymeriz seçkiləri keçiriləcək. Bu amil ümumilikdə respublikaçıların mövqelərinə mənfi təsir göstərə bilər. Ümumiyyətlə, tarixən müşahidə etmişik ki, ABŞ-də prezidentin təmsil olunduğu partiya Konqresə keçirilən seçkilərdə çox vaxt məğlub olur. Yəni əksər hallarda müxalifət partiyası Konqresdə üstünlük qazanır. Başqa sözlə, ABŞ-də tez-tez elə vəziyyət yaranır ki, Konqresdə bir partiya üstünlük təşkil edir, prezident isə digər partiyanın nümayəndəsi olur. Bu baxımdan, Trampın reytinqinin aşağı düşməsi gələcək seçkilərdə demokratların üstünlük qazanmasına şərait yarada bilər”.    

Politoloq əlavə edib ki, mart ayında keçirilən rəy sorğularına əsasən, Trampın reytinqi əhəmiyyətli dərəcədə azalaraq rekord aşağı səviyyəyə enib və təxminən 36-41 faiz arasında dəyişir. Bu da elektoratın ona olan etimadının ciddi şəkildə azaldığını göstərir:

“Bu baxımdan demək olar ki, demokratların Konqres seçkilərində qələbə qazanmaq imkanları onsuz da kifayət qədər yüksək idi, lakin Trampın siyasətinə qarşı keçirilən etiraz aksiyaları onun nüfuzunun daha da azalmasına səbəb ola bilər. Eyni zamanda, məsələyə ABŞ-nin siyasi reallıqları kontekstində yanaşmaq lazımdır. ABŞ siyasi sistemində etiraz aksiyaları ictimai mövqeyin ifadə olunmasının normal formalarından biridir. Nəticələri isə əsasən institusional mexanizmlər müəyyən edir. Buna görə də demək olmaz ki, bu gün keçirilən kütləvi etirazlar Trampın siyasi karyerasının mütləq sonu olacaq. Belə bir iddia doğru olmazdı, çünki ABŞ reallıqları daha mürəkkəb və çoxşaxəli yanaşma tələb edir”.

Siyasi şərhçi vurğulayıb ki, əgər İrana qarşı aparılan hərbi gərginlik uzanarsa, bu həm dünya, həm də ABŞ iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edərsə, bu da Trampın reytinqinə və nüfuzuna mənfi təsir göstərə bilər:

“Ümumilikdə, bir sıra amillər mövcuddur. Tramp artıq daxili siyasi müstəvidə müəyyən güzəştlərə getmək məcburiyyətində qalıb. Məsələn, miqrasiya ilə bağlı bəzi qərarlarından qismən geri çəkilib. Bütün bunlar göstərir ki, o da mövcud vəziyyətin ciddiliyini anlayır. Hesab etmək olar ki, ABŞ-də keçirilən kütləvi etiraz aksiyaları onun siyasi qərarlarında müəyyən korrektələr etməsinə də səbəb ola bilər”, - deyə E.Mirbəşiroğlu fikrini tamamlayıb.

Qeyd edək ki, nümayişlərdə ümumilikdə təxminən 8 milyon insan iştirak edib. Etirazçılar Trampı demokratik institutları zəiflətməkdə və hakimiyyəti həddindən artıq mərkəzləşdirməkdə ittiham ediblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Siyasi elmlər doktoru,ABŞ,Etiraz,Demokratlar,Todaypress.tv,