16 illik hakimiyyəti sarsılır… — 12 apreldə hər şey DƏYİŞƏ BİLƏR!
Təhlil
03.04.2026 11:46
Macarıstanda 12 aprel parlament seçkiləri öncəsi siyasi mənzərə kəskin şəkildə dəyişir.
"Reuters"in məlumatına görə, son rəy sorğuları 16 ildir hakimiyyətdə olan Viktor Orbanın "Fidesz" partiyasının ciddi liderlik itkisi ilə üzləşdiyini göstərir.

Müxalifətin "Tisza" partiyası hakim partiya ilə arasındakı fərqi daha da artıraraq qələbəyə bir addım da yaxınlaşıb.
Nüfuzlu rəy sorğusu mərkəzlərinin (21 Research Centre və Zavecz Research) martın sonuna olan məlumatları Orban hökuməti üçün həyəcan təbili çalır.
16 illik hakimiyyətdən sonra Viktor Orbanın partiyasının reytinqindəki kəskin enişini hansı amillərlə əlaqələndirmək olar?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) funksioneri Əli Orucov bu seçkilərin ölkənin gələcək taleyi üçün ciddi önəm kəsb etdiyini bildirib:

“Hazırkı Baş nazir Viktor Orban hakimiyyətdə olduğu 16 illik dönəmdə müstəqil siyasi xətt yürütməsi ilə yadda qalıb. Onun Ukrayna–Rusiya müharibəsinə fərqli yanaşması, türk dünyasına inteqrasiya xətti, Aİ tərkibində müstəqil davranışları birmənalı qarşılanmır. Xüsusən də son dövrlər Kiyevlə ziddiyyətlər Qərbin də xoşuna gəlmirdi.
Orban hökuməti Moskva ilə yaxınlaşmanın Qərb üçün faydalı olacağı düşüncəsindədir və Rusiyaya qarşı yönələn tədbirləri bloklamaqla birlik daxilində özünə yönəlik narazılıqlara yol açıb. Orbanı ABŞ Prezidenti Donald Tramp da dəstəkləyir. Baş nazirin rəhbərlik etdiyi “Fidesz” partiyası ilkin rəy sorğularında rəqibinə uduzur. Görünən odur ki, 12 aprel Orban üçün ağır keçəcək və ehtimal ki, onun hakimiyyətdə qalmasına yaşıl işıq yandırılmayacaq”.
Analitik qeyd edib ki, Orbanın reytinqinin aşağı düşməsi Macarıstandakı sosial-iqtisadi və digər faktorlarla yanaşı, avtoritarizmə meyllənməsi ilə də izah olunur:

“Xalq ondan daha çox yeni sima görmək istəyir. Məncə, dəyişiklik artıq zərurətə çevrildiyindən Orban bu dəfə seçilməyə də bilər. Qərb siyasi elitası da ondan qurtulmaq istəyir. Ancaq Azərbaycan pəncərəsindən baxsaq, Orbanın yenidən xalqın etimadını qazanması sərfəlidir. Baş nazir istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də Azərbaycan–Macarıstan dövlətlərarası münasibətlərinin inkişafında maraqlıdır və bu, onun fəaliyyətində də aydın şəkildə görünür”.
Qiymət Mahir
tag: Əli Orucov,AMİP,Viktor Orban,Macarıstan,Seçki,Todaypress.tv,
