Tramvay geri qayıdır: Hansı istiqamətlərdə hərəkət edəcək?

Sosial

28.01.2026 15:15

"Tramvay şəhər mühitində ictimai nəqliyyatın əsas növlərindən biridir. Bu nəqliyyat vasitəsilə səfərlər həm əlverişli, həm də səmərəlidir".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.


"Bunun əsas səbəbi tramvayın relslər üzərində hərəkət etməsi, digər nəqliyyat vasitələri ilə müqayisədə daha az maneə ilə üzləşməsi və daha çox sərnişin daşımaq imkanına malik olmasıdır. Məhz bu xüsusiyyətlərinə görə tramvay şəhər daxilində bir nöqtədən digərinə çatmaq üçün ən münasib nəqliyyat vasitələrindən biri hesab olunur".

Ekspert əlavə edib ki, əsas nəzərdə tutulan marşrut Sulutəpə-Xocəsən-Binəqədi-Azadlıq prospekti istiqamətində olmaqla 28 May metrostansiyasına qədər uzanır:

"İkinci marşrut isə hələlik dəqiqləşdirilməsə də, Bayıl qəsəbəsindən Xətai rayonu ərazisinə qədər uzanması planlaşdırılır. Hər iki marşrutun optimal və düzgün seçildiyini düşünürəm. Ümid edirəm ki, gələcəkdə bu istiqamətlər üzrə tramvay xətləri reallaşdırılacaq".

Qeyd edək ki, Mehdiabaddan “28 May” metrostansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. O bildirib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb.

Türkan İsgəndərli


tag: Mehdiabad,Bakı,28,Tramvay,Todaypress.tv,