Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO

Sosial

11.12.2025 12:05

Bir qrup valideyn yenidən bir müddət öncə təmirə bağlandığı iddia olunan Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının önündə toplaşıb. 

TodayPress TV xəbər verir ki, valideynlərin sözlərinə görə, gimnaziyanın şagirdlərinin köçürüldüyü 189-190 saylı məktəblərin yerləşdiyi ərazi uşaqların sərbəst və təhlükəsiz şəkildə məktəbə çatmasına mane olur. Məktəbin yerləşdiyi ərazinin əlverişsiz olması onların övladlarının həyatını təhlükəyə atır.

Övladı gimnaziyanın ikinci sinfində təhsil alan Şahin Əfəndiyev  TodayPress TV-yə danışarkən bildirib ki, artıq üstündən iki il keçsə də, gimnaziya hələ də təmir olunmayıb. 

“Söz vermişdilər ki, təmiri bir ilə bitəcək ancaq sözə əməl olunmayıb. Bizim övladlarımız yollarda qalıb. 189 nömrəli məktəbə yönəldiblər uşaqlarımızı. Mən Yasamalda yaşaya-yaşaya hər gün gedib övladımı İçərişəhərdən götürürəm. Orda da uşaqları yaxşı yerləşdirməyiblər. İkinci sinfin uşağını dördüncü mərtəbəyə qaldırıblar. Heç kim bir söz demir. Çox xahiş edirik bunu həll etsinlər”.

Valideynlər Elm və Təhsil Nazirliyindən gimnaziyanın təmirinin sürətlə bitməsini tələb edirlər. 

Qeyd edək ki, bu ilin əvvəlində Elm və Təhsil Nazirliyindən AMK nəzdində İncəsənət Gimnaziyasının binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərində təkmilləşdirilmə aparıldığı bildirilmişdi.  

Vüsalə Nəciyeva

TodayPress TV

tag: İncəsənət Gimnaziyası,Valideyn,Etiraz,Təmir,Todaypress.tv,

photo
photo
photo
photo
photo