Süni intellektin gətirdiyi yeniliklərə hazır olmalıyıq” - Abzətdin Ədamov

Süni intellektin gətirdiyi yeniliklərə hazır olmalıyıq” - Abzətdin Ədamov
14.10.2026 12:10 Sosial

“Bu konfrans artıq 20 ildir ki, həm professorları, elm xadimlərini, sənaye nümayəndələrini, həm də dövlət rəsmilərini bir araya gətirir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT 2026) təşkilatçılarından biri, ADA Universitetinin İT və Mühəndislik Məktəbinin dekanı, Dr. Abzətdin Ədamov jurnalistlərə açıqlamasında bildirib.

O, konfransın əhəmiyyəti, beynəlxalq tərəfdaşlar və texnologiya sahəsindəki müasir çağırışlardan danışıb.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarındakı son inkişafla bağlı ortaya çıxan problemləri və onların həlli yollarını müzakirə etməkdir:

“Bu gün burada 20-ci Beynəlxalq İnformasiya və Kommunikasiya Texnologiyaları Konfransının açılışındayıq. Bu dəfə də çoxlu iştirakçılarımız və qonaqlarımız var, tədbirin 12 təşkilatçısı mövcuddur. İtaliya, ABŞ, Serbiya, Qazaxıstan, Gürcüstan və bir sıra başqa ölkələrdən gələn nümayəndələr burada öz universitetlərini təmsil edirlər. Konfrans çərçivəsində çox vacib məsələlər müzakirə olunacaq.

Hazırda texnologiyanın inkişafı və süni intellektlə bağlı çoxlu çağırışlar var və həmin çağırışlar vaxtında cavablar, eləcə də həll yolları tələb edir. Bu cür konfranslar maraqlı tərəflərin bir araya gələrək problemləri müzakirə etməsi və lazımi həllər tapması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Konfransın digər mühüm tərəfi odur ki, o, 20 ildir dünyanın tanınmış təşkilatı — ABŞ-də yerləşən Elektrik və Elektronika Mühəndisləri İnstitutu (IEEE) tərəfindən dəstəklənir. 

500 mindən çox üzvü olan bu institut dünyada qəbul edilən əsas standartları ortaya qoyur. İnsitut Azərbaycanda da öz fəaliyyətini göstərir və onun dəstəklədiyi konfranslardan biri də bizim bu tədbirdir.

Çox şadıq ki, bu gün ADA Universitetində bu konfransa ev sahibliyi edirik. Ümid edirik ki, bu tədbir həm Azərbaycanın bu sahədəki inkişafına, həm də universitetlərin tərəqqisinə mühüm töhfə verəcək”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər