Türkiyə mediası bizə niyə ermənilərin etmədiyi pisliyi edir?

Türkiyə mediası bizə niyə ermənilərin etmədiyi pisliyi edir?
14.10.2026 13:54 Siyasət

Son günlər Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı başladılan əsassız qaralama kampaniyası artıq bütün hədləri aşmaqdadır. Ölkəmizdə hicaba guya total qadağa qoyulması barədə tirajlanan dezinformasiyalar beynəlxalq müstəviyə daşınır, Azərbaycan haqqında bilərəkdən qərəzli və təhrif olunmuş rəy formalaşdırılır. Halbuki cəmiyyətimizin gündəmindəki hər hansı tənzimləmə və ya ictimai müzakirə müstəqil Azərbaycan dövlətinin suveren hüququ və sırf daxili işidir. Bunun Türkiyədəki müəyyən dairələr tərəfindən bu qədər aqressiv şəkildə siyasiləşdirilməsi heç bir müttəfiqlik və qardaşlıq prinsipinə sığmır.

Özlərini "İslam hamisi" və ümmət təəssübkeşi kimi qələmə verən bu dairələrə sadə bir sual ünvanlamaq lazımdır: illərdir İsrail Qəzzanı, Fələstini yer üzündən silərkən, günahsız insanlar qətlə yetirilərkən bəlağətli çıxışlardan və boş bəyanatlardan savayı əlinizdən hansı əməli iş gəldi? Qlobal arenada müsəlmanların haqq səsini ucaltmaq, fəlakətlərin qarşısını almaq gücündə olmayanlar nədənsə bütün cəsarətlərini toplayıb Azərbaycanın daxili qaydalarına, konstitusion quruluşuna dil uzatmağa cəhd edirlər.

Bu gün Türkiyə mediasının bəzi cinahlarının sərgilədiyi qərəzli münasibət hətta açıq-aşkar düşmənçilik edən erməni təbliğat maşınını və ya illərlə Cənubi Qafqazda ideoloji təxribat aparan İran dairələrini belə kölgədə qoyur. İki strateji müttəfiq dövləti qarşı-qarşıya qoymaq üçün bu qədər canfəşanlıq göstərilməsi qardaşlıq adı altında aparılan dərin bir təxribatdır.

Bizi bir-birimizə bağlayan fundamental amil ortaq soykökümüz, tariximiz və sarsılmaz Türk kimliyimiz deyilmi? Məgər strateji tərəfdaşlığımızın, Şuşa Bəyannaməsi ilə rəsmiləşən tarixi birliyimizin sərhədləri müəyyən ideoloji qrupların manipulyasiyası ilə ölçülür? Əgər illərlə qurulan bu qardaşlıq körpüsü bir ictimai müzakirə ilə sarsılacaqdısa, onda bu günə qədər deyilən yüksək fikirlərin səmimiyyəti harada qaldı?

Bu qınaq bütövlükdə qardaş Türkiyə xalqına və ya dövlətinə şamil edilə bilməz. Türkiyədə hadisələri dərindən təhlil edən, Azərbaycanın suverenliyinə hörmətlə yanaşan, milli-mənəvi dəyərləri siyasi alətə çevirməyən kifayət qədər rasional, dünyəvi və intellektual kəsim var. Sözümüz və etirazımız türklük şüurundan uzaqlaşmış, ərəb mədəniyyətinin təsir dairəsində qalaraq regional birliyimizə zərbə vuran və qardaş ölkənin daxili işlərinə kobudcasına burnunu soxan həmin radikal konyunkturayadır. Azərbaycan heç kimin öz daxili auditoriyası üçün qurduğu populist oyunların hədəfi ola bilməz.

İsmayıl Şahlı

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər