Türkiyə Azərbaycan üçün İrana çevrilirmi?
Azərbaycan–Türkiyə xəttində baş verən prosesləri qlobal geosiyasətin tərkib hissəsi kimi oxumaq mümkündür. Çünki bu hadisələr geniş coğrafiyanı əhatə edir və pərdəarxası ciddi dinamikalara söykənir. Xüsusilə Vətən müharibəsindəki Qarabağ zəfərindən və pandemiyadan sonra regionda yeni geosiyasi nizam formalaşdı: Türk Dövlətləri Təşkilatı institusional gücə çevrildi, Zəngəzur dəhlizi layihəsi gündəmə gəldi, Ermənistan regiondakı yeni reallıqlara cəlb olundu.
Eyni zamanda ABŞ Mərkəzi Asiya ("Türküstan") dövlətləri ilə xüsusi əməkdaşlıq formatı inkişaf etdirdi, Avropa İttifaqı ilə türk respublikaları arasında yeni strateji qapılar açıldı. Afrika buynuzunda Somalilend məsələsinin aktuallaşması, Balkanlarda Bəktaşi dövləti ideyasının irəli sürülməsi və İranın Cənubi Qafqazda öz proksiləri vasitəsilə yeni təsir cəhdlərinə başlaması ətrafında ciddi əks-cəbhə formalaşdırdı. Xəzərdən Aralıq dənizinə və Qara dəniz hövzəsinə qədər baş verənlər, əslində, vahid mərkəzdən idarə olunan qlobal ssenarinin halqaları təsiri bağışlayır.
Şübhəsiz, Azərbaycan regional güc və strateji qovşaq kimi bu proseslərdə aparıcı rol oynayır. Pandemiyadan dərhal sonra qlobal arenada müəyyən xalqların toqquşdurulması ssenarisi müşahidə edildi: əvvəlcə Rusiya–Ukrayna müharibəsi ilə iki slavyan xalqı, ardınca Yaxın Şərqdə müsəlman qruplar qarşı-qarşıya qoyuldu. Bu prizmadan baxdıqda, hazırda Qafqazda oxşar ssenarinin üçüncü mərhələsi kimi Türkiyə ilə Azərbaycanı süni şəkildə toqquşdurmaq cəhdləri diqqət çəkir. Bu isə arxada daha böyük qlobal güclərin dayandığı ehtimalını gücləndirir.
Bəs iki qardaş dövləti qarşıdurmaya sürükləyən dairələrin məqsədi nədir? Türkiyə Azərbaycan üçün yeni bir "İran" kimi təqdim olunmağa çalışılır, yoxsa Ankaraya Azərbaycana münasibətdə "Şimali Kipr modeli" və ya "neo-osmanist vilayət baxışı" şamil edilmək istənilir? Regional reallıqlar göstərir ki, hər iki dövlətin təməl maraqları bu cür manipulyasiyaları dəf etməyə hesablanıb.
İsmayıl Şahlı