Türkiyədə Azərbaycan ərazisinə "hücum" edildi - VİDEO
Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında təşkil olunan etiraz aksiyaları ölkəmizdə haqlı olaraq ciddi suallar və narahatlıq doğurur. Çünki səfirliyin hədəf seçilməsi birbaşa Azərbaycan dövlətinin hədəfə alınması deməkdir. Təşkil olunmuş bu aksiyaların arxasında duran qüvvələrin kimliyi bəllidir və rəsmi Bakı bu məsələlərlə bağlı öz qeydlərini, sərt etirazını vaxtaşırı Türkiyə tərəfinə çatdırır. Lakin bu prosesə sadəcə təsadüfi bir kütlənin etiraz aktı kimi baxmaq qətiyyən doğru deyil.
Əvvəla, aksiya zamanı səsləndirilən şüarların ünvanı kökündən yanlışdır. Əgər məqsəd İsrailə etiraz etməkdirsə, həmin qruplar gedib Türkiyədə fəaliyyət göstərən İsrail səfirliyinin qarşısında etirazlarını bildirsinlər. İsrailin adını bəhanə edib Azərbaycan səfirliyinin önündə şou göstərmək ən azından böyük bir riyakarlıq və siyasi artistlikdir.
İkincisi, burada açıq-aşkar bir saxtakarlıq mövcuddur: Türkiyə rəsmi ritorikada İsraillə kəskin münasibət sərgiləsə də, pərdəarxasında ticarət və iqtisadi əlaqələrini davam etdirir. Bu reallıq mediada da dəfələrlə öz əksini tapıb. Belə bir şəraitdə oxların məhz Azərbaycana yönəldilməsi məsələnin əsl mahiyyətini ortaya qoyur.
Türklər demişkən, hər kəs öz həddini bilməlidir. Azərbaycanın tutduğu mövqeyə görə kimlərsə bizi müəyyən bəhanələrlə məzəmmət, hətta ittiham edə bilər. Lakin beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının ərazisi sayılan səfirliyə — Türkiyənin qəlbindəki Azərbaycan torpağına hücum və müdaxilə etmək birbaşa dövlətimizə qarşı yönəlmiş addımdır. İki qardaş və müttəfiq ölkə münasibətlərində «Türkiyənin içindəki Azərbaycana hücum etdilər» ifadəsindən daha ağır və təhlükəli bir mənzərə təsəvvür etmək mümkün deyil.