"Misir Mərdanov nazir olanda dini fanatiklər 20 min rüşvət verib, təhsilə soxuldular" - İTTİHAM

"Misir Mərdanov nazir olanda dini fanatiklər  20 min rüşvət verib, təhsilə soxuldular" - İTTİHAM
14.10.2026 10:46 Sosial

Təhsil sistemində bəzi müəllimlərin dərs zamanı dünyəvi elmlərlə yanaşı dini təbliğat aparması cəmiyyətdə həmişə geniş müzakirələrə səbəb olub. Xüsusilə də dəqiq və təbiət elmlərini tədris edən şəxslərin inancları ilə elmi prinsiplər arasındakı uyğunsuzluqlar mütəxəssislərin diqqətini çəkir.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Sahib Məmmədov bu problemin köklərini və elm ilə din arasındakı ziddiyyətləri kəskin arqumentlərlə diqqətə çatdırıb.

O bildirib ki, müxtəlif fənlərin tədrisində dini təbliğat aparan şəxslərin sistemə gəlişi müəyyən bir dövrə təsadüf edir:

"Müxtəlif fənlərin tədris zamanı dini təbliğat aparan müəllimlər təhsil sisteminə daha çox hansı dövrdə yol tapıblar? Biz indi hörmətli Misir müəllimin 80 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Bu, öz yerində. Allah uzun ömür versin! Amma Misir müəllim nazir olduğu dövrdə 15 000–20 000 (manat, deyəsən, nazirə verilmirdi) verərək xüsusi təlim keçmiş müəllimləri təhsil sisteminə, o cümlədən uşaq bağçalarına yerləşdirə bilirdilər. Bağçalar məsələsində isə yerli icra hakimiyyəti orqanlarının günahı daha çox idi".

Hüquqşünas vurğulayıb ki, bu prosesin arxasında xüsusi metodikalar dayanır:

"Bunun xüsusi metodikası var. Məsələn, sən həndəsə fənnini tədris edirsən, amma dərsi elə izah edirsən ki, nəticədə dini təbliğat aparmış olursan. Eyni yanaşma ədəbiyyat, fizika və digər fənlərin tədrisində də tətbiq edilə bilər".

Mütəxəssis hesab edir ki, dini inanca malik şəxslərin təbiət elmlərini tədris etməsi böyük ziddiyyət yaradır, çünki elmi qanunlarla dini ehkamlar bir-birini təkzib edir:

"Dini inancı olan müəllimin (hansı dinə mənsub olmasından, baş örtüyündən istifadə edib-etməməsindən asılı olmayaraq) təbiət elmlərini tədris etməsi mənə bir qədər qəribə gəlir. Çünki səmavi dinlərin təbiətə dair bəzi ənənəvi şərhləri müasir təbiətşünaslıq elmi ilə ziddiyyət təşkil edir. Məsələn, dini təsəvvürlərə görə, Yer kainatın mərkəzində yerləşir (geosentrizm), yastıdır və Günəş onun ətrafında dövr edir. Ulduzlar isə səmanı bəzəyən kiçik işıqlar kimi təsəvvür olunur və s. Fizikanın qanunları ilə bəzi dini təsəvvürlər arasında da ciddi uyğunsuzluqlar var. Məsələn, Sirat körpüsü məsələsini götürək: Cənnət və Cəhənnəmin yerləşdiyi aləmdə qravitasiya qüvvəsinin necə işlədiyi aydın deyil, amma insanların körpüdən yıxılmasından danışılır və s. İstənilən qədər belə misal gətirmək olar".

Ekspert qeyd edib ki, müəllim elmi və dini yanaşmalar arasında seçim etmək məcburiyyətində qalır:

"Dini inancı olan müəllim Musa peyğəmbərin əsasını yerə vurması ilə Qırmızı dənizin iki yerə ayrıldığına inanırsa, bu hadisəni elmi baxımdan necə izah edir? Yerin yastı olduğuna və Günəşin onun ətrafında dövr etdiyinə də inanırmı? Əgər inanmırsa, deməli, bu məsələlərdə dini mətnlərin ənənəvi şərhini hərfi mənada qəbul etmir. Əgər inanırsa, onda müasir elmin sübut etdiyi həqiqətləri şagirdlərə necə izah edir? Belə bir ziddiyyət qarşısında müəllim çətin seçim qarşısında qala bilər: ya inandığı dini təsəvvürləri müdafiə etməli, ya da elmi bilikləri əsas götürməlidir. Əgər o, elmi həqiqətləri qəbul etmirsə, onda Qalileo Qalileyin mühakimə olunmasına da haqq qazandırmalıdır. Eyni məntiqlə, Nikolay Koperniki və Nyutonu da lənətləməlidir. Bu arada bildiyim qədər təbiət (kainat) haqqında dini baxışları alt-üst edən Astronomiya fənninin orta məktəblərdə tədrisinin dayandırlması da (səhv edə bilərəm) hörmətli Misir müəllimin nazir olduğu dövrə düşür".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər