Süni intellektin izləri 1960-cı illərdə artıq var idi - Professor
“Süni intellekti anlamaq üçün onun tarixinə nəzər salmaq lazımdır”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT 2026) iştirakçısı, professor Erol Gelenbe jurnalistlərə açıqlamasında deyib.
O, süni intellektin tarixi inkişafı, elmi əsasları və kompüter elmləri ilə əlaqəsindən danışıb.
Professorun sözlərinə görə, onun çıxışının əsas məqsədi süni intellektin yalnız müasir tətbiqlərini deyil, həm də bu texnologiyanın meydana gəlməsinə səbəb olan elmi ideyaları və tarixi inkişaf mərhələlərini izah etmək olub.
“Bu konfransda məruzəçi kimi iştirak edirəm və açılış nitqi ilə çıxış etdim. Çıxışımda süni intellektə yalnız bu gün necə istifadə olunduğu baxımından deyil, daha geniş tarixi perspektivdən yanaşmağa çalışdım. Bu texnologiyanın hansı ideyalardan yarandığını, kompüter elmləri ilə əlaqəsini və alqoritmlərin inkişaf tarixini izah etdim. Bu kontekstdə əl-Xarəzminin alqoritmlər sahəsinə verdiyi töhfələrə də toxundum.
Mənim üçün əsas məsələ yeni alətlərdən necə istifadə etməyi izah etməkdən daha çox, onların mahiyyətini və hansı elmi əsaslar üzərində formalaşdığını göstərmək idi. ChatGPT kimi müasir sistemlərin arxasında dayanan ideyaların və metodların bir qisminin kökləri onilliklər əvvələ gedib çıxır. Hələ 1960-cı illərdə bugünkü süni intellekt sistemlərinin inkişafına zəmin yaradan ilkin nümunələr və prototiplər mövcud idi.
Tarixi yanaşma bizə müasir texnologiyaların haradan gəldiyini, necə inkişaf etdiyini, hansı imkanlar yaratdığını və hansı problemlərlə üzləşdiyini daha dərindən anlamağa kömək edir”, - Erol Gelenbe bildirib.
Jalə Rövşən