Stomatoloji qiymətlər gələcəkdə daha da artacaq - AQC sədri

Sosial

24.11.2025 17:55

"Azərbaycanda stomatoloji xidmətlərin qiymətində artım müşahidə edilsə də, bu proses normal bazar tendensiyasıdır və qeyri-adi hal kimi qiymətləndirilməməlidir". 

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, dünya ilə müqayisədə Azərbaycan hələ də ən ucuz stomatoloji xidmət təklif edən ölkələrdən biridir:

"Dünyada stomatoloji xidmətlərin qiymətlərini müqayisə etsək, hazırda ən ucuz xidmətlər elə Azərbaycanda, keçmiş postsovet məkanında təqdim olunur. Avropada və xüsusilə Amerikada qiymətlər çox yüksəkdir. Xaricdə yaşayan azərbaycanlılar belə, yüksək xərclərə görə müalicə üçün ölkəyə qayıdırlar. Soydaşlarımız çox zaman təyyarə biletlərini də nəzərə alsalar belə, stomatoloji xidmətləri məhz Azərbaycanda almağa üstünlük verirlər. Çünki sığorta olmadıqda digər ölkələrdə çox yüksək qiymətlər tələb olunur".

Sədr vurğulayıb ki, yüksək qiymətlər stomatoloji sahənin çox böyük maddi resurs tələb etməsilə bağlıdır:

"Diş formalarının hazırlanması, onların bişirilməsi, ölçüyə uyğun çatdırılması, həkimin məsuliyyəti və dəqiqliyi qiymətə təsir göstərir. Bu baxımdan yüksək qiymətlər təsadüfi deyil. Qiymətlərin gələcəkdə daha da artması mümkündür". 

Ekspert hesab edir ki, dövlət müəssisələrinin stomatoloji xidmət sahəsində aktivliyi qiymətlərin kəskin bahalaşmasının qarşısını ala bilər:

“Dövlət xəstəxanalarında və poliklinikalarda stomatoloji fəaliyyətə daha böyük yer verilsə, bazarda təklif artar və qiymətlərin tənzimlənməsi mümkün olar. Hansı bazar olursa-olsun, təklif çox olduqda qiymətlər sabitləşir. Özəl xəstəxanalarda qiymətlərin müəyyənləşməsi bazar şərtləri ilə bağlıdır".

Vüqar Oruc qeyd edib ki, böyük icarə dəyəri, əlavə xidmətlər və digər xərclər son qiymətə təsir edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Stomatoloq,Diş,Qiymət,Vüqar Oruc,Todaypress.tv,