ŞAD XƏBƏR! Bu şəxslərin maaşı artacaq
Sosial
24.02.2026 10:33
"Azərbaycan Prezidenti “Əmək Məcəlləsində” dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu, artımların qanunla tənzimlənməsi anlamına da gəlir:
"Minimum əməkhaqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövrü olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".
Millət vəkili vurğulayıb ki, minimum əməkhaqqında gözlənilən artımlar həm dövlət, həm də özəl sektorda maaş artımlarına səbəb olacaq:
"Belə ki, hər iki sektorda minimum əməkhaqqından az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur".
tag: Maaş,Artım,Sosial,Məbləğ,Todaypress.tv,
