Moped sürücülərinin DİQQƏTİNƏ! Bu qərar qayda pozuntularını azaldacaq
Sosial
10.12.2025 14:10
Moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunacaq: “Bu qərar məsuliyyəti artıracaq və qayda pozuntularını azaldacaq”
Azərbaycanda mopedlərin idarə olunmasına dair yeni qaydalar tətbiq edilir. Qaydaya əsasən, artıq moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Dəyişikliyin hansı üstünlüklər gətirəcəyi ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev TodayPress TV-yə danışıb.

O bildirib ki, sürücülük vəsiqəsinin tələb edilməsi ilk növbədə moped idarə edənlərin bilik səviyyəsini artıracaq:
"Moped sürmək üçün vəsiqə tələb olunacaqsa, bunu idarə edənlər imtahan verib vəsiqə almalıdır. İmtahan vermək üçün isə bilik lazımdır. Hazırda bu nəqliyyat vasitəsini idarə edənlərin çoxu heç bir qayda, qanun bilmədən mopedə minib sürür. Buna görə də tez-tez qayda pozuntuları baş verir".
Ekspert əlavə edib ki, yeni qaydalar moped sürücülərinin məsuliyyət hissini artıracaq:
"Onlara rəsmi qaydada cərimə və cərimə balı yazıla biləcək. Bu da qayda pozuntularının qarşısının alınmasına təsir edəcək. İnsanlarda belə bir məsuliyyət yaranacaq ki, onlar artıq rəsmi sürücüdürlər və idarə etdikləri nəqliyyat vasitəsinə görə məsuliyyət daşıyırlar".
Yasin Mustafayev həmçinin qeyd edib ki, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanda moped idarəçiliyi ilə bağlı kifayət qədər suallar mövcuddur.
"Bu proses onların daha məsuliyyətli olmasına səbəb olacaq. Üstünlükləri çoxdur. Həm təhlükəsizlik artır, həm də moped sürücülərinin davranışı nizamlanır", - deyə o vurğulayıb.
Türkan İsgəndərli
tag: Yasin Mustafayev, Nəqliyyat,Moped,Sürücü,Todaypress.tv,
