Kirayə bazarında QİYMƏT BUMU: 850-900 manata..

Sosial

28.01.2026 16:09

Azərbaycan Qiymətləndiricilər Palatasının proqnozuna görə, 2020-2025-ci illərdə mənzil qiymətləri 45-47% artıb.

2025-ci ildə yeni tikililərdə 13-15%, təkrar bazarda isə 14-17% bahalaşma qeydə alınıb.  

Kirayə bazarında da aktivlik yüksəkdir. İllik artım 13-15%, orta aylıq kirayə isə 850-900 manata çatıb.    

Bəs sürətli qiymət artımı və kirayə bazarındakı vəziyyət vətəndaşların mənzil əldə etməsinə necə təsir göstərir?

Əmlak eksperti Elnur Azadov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, sürətli qiymət artımı həm vətəndaşlara, həm də dövlətə zərər vurur: 


"Bakıda mənzil bazarında qiymətlər xüsusilə 2020-ci ildən etibarən kəskin artıb: ümumilikdə 70%-ə, bəzi layihələrdə isə 100-150%-ə qədər yüksəlib. Bu artım vətəndaşların orta gəliri ilə uyğun deyil, nəticədə alqı-satqı əməliyyatları yavaşlayır və bazarda "ölü zonalar" yaranır".

Ekspert vurğulayıb ki, ipoteka vasitəsilə mənzil almaq cəhdləri artıb, lakin əmlak bazarındakı sürətli bahalaşma həssas təbəqə üçün mənzil almağı getdikcə çətinləşdirir:

"Sosial ipoteka 4-8%, stabil ipoteka isə 10-12% faizlə təklif olunur. Lakin böyük məbləğlər götürülməsi nəticəsində vəsait həqiqətən ehtiyacı olan şəxslərə çatmır. Yaxın 1-2 il ərzində qiymət artımı cəmiyyətə ciddi zərər vuracaq. Azərbaycanda daşınmaz əmlak sektorunu dərindən təhlil edən institut yoxdur. Qiymətlərin sürətli yüksəlişi həm vətəndaşlara, həm də dövlət büdcəsinə mənfi təsir göstərir. Biz parlamenti, iqtisadçıları və müvafiq qurumları ciddi tədbirlər görməyə çağırırıq. Əks halda, yaxın illərdə bu tendensiyanın nəticələri daha ciddi olacaq".    

Mütəxəssis hesab edir ki, bazarın sağlam inkişafı üçün qiymət sabitliyi, şəffaf statistika və sosial mənzil layihələrinin genişləndirilməsi vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elnur Azadov,Ekspert,Kirayə,Artım,Todaypress.tv,