Bayram öncəsi qiymətlər niyə "ƏL YANDIRIR"?
Sosial
10.12.2025 17:52
Yeni il bayramı yaxınlaşdıqca paytaxtın mağaza və marketlərində qiymətlərin artması artıq hiss olunur.
Bu barədə TodayPress TV-yə açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, bayramqabağı qiymət artımı ölkədə hər il təkrarlanan ənənəvi haldır.

Ekspertin sözlərinə görə, əsas problem süni qiymət artımıdır:
"Əhalinin gəlirləri ədədi silsilə ilə artsa da, qiymətlər həndəsi silsilə ilə artır. Hava şəraiti, daşınma xərclərinin və əmək haqqının artması qiymətə təsir edən amillərdir. Lakin "süni qiymət artımı" bu faktorlar arasında ən populyar və ən riskli olanıdır".
İqtisadçı qeyd edib ki, bayramqabağı tələbatın artması bəzi sahibkarların qiymətləri bilərəkdən qaldırmasına şərait yaradır:
"Bu gün hansı məhsula tələbat yüksəkdirsə, onun istehsalçısı qiyməti süni şəkildə artırır. Azərbaycanlılar milli dəyərlərinə bağlıdır, ən imkansız vətəndaş belə çalışır ki, bayram süfrəsini boş qoymasın. Sahibkarlar da bundan istifadə edir".
Akif Nəsirli yarmarkaların təşkilinin qiymətləri müəyyən qədər sabitləşdirdiyini vurğulayıb:
"Bayramqabağı müxtəlif yerlərdə yarmarkalar təşkil olunur, fermer məhsulu birbaşa alıcıya satır. Bu yarmarkalar və aparılan monitorinqlər qiymətlərin tam nəzarətdən çıxmasının qarşısını alır. Məhsulun ərsəyə gəlməsi, hava və digər çətinliklər sahibkara qiyməti həddindən artıq qaldırmaq üçün əsas vermir".
Mütəxəssis bayram günləri yaxınlaşdıqca istehlakçıların daha diqqətli və seçimlərində daha şüurlu olmasını tövsiyə edib.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Ekspert,Bayram,Qiymət,Todaypress.tv,
