Azərbaycandan beyinlər köçür, gedənlər niyə qayıtmır?

Sosial

05.05.2026 16:24

Bu gün Azərbaycanda “xaricdə təhsil” mövzusu çox populyardır. Valideynlər və gənclər daha yaxşı universitetlər, müasir proqramlar və gələcək karyera imkanları axtarışında xarici ölkələrə üz tuturlar. Amma bu prosesin digər tərəfi də var - beyin köçü. Yəni ölkədən gedən ixtisaslı kadrların geri qayıtmama riski.

TodayPress TV-nin araşdırmasına görə, təxminən 48 min Azərbaycan vətəndaşı xarici ölkələrdə ali təhsil alır. Bu rəqəm nisbətən sabitdir və son illərdə artıb-azalıb. 

Dövlət də bu prosesə dəstək verir, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində hər il yüzlərlə tələbə maliyyələşdirilir. Bu proqramda tələbələr oxuyub qayıtdıqdan sonra bir neçə il ölkədə işləməyi öhdəsinə götürür.

Ancaq təhsilini başa vurandan sonra qayıdanların payı nisbətən aşağıdır. Dövlət proqramı ilə gedənlərin çoxu müəyyən müddətə qayıdır. Lakin öz hesabına və ya digər təqaüdlərlə gedənlərin böyük hissəsi xaricdə qalmağa üstünlük verir.

Səbəblər isə daha yüksək maaş, müasir iş şəraiti, karyera inkişafı imkanlarıdır.

Bəs hansı sahələrdə daha çox gedirlər? Bunlar:

  • Mühəndislik (neft-qaz, kompüter, elektrik, mexanika)
  • İnformasiya texnologiyaları və kompüter elmləri
  • Biznes, iqtisadiyyat, maliyyə və MBA
  • Beynəlxalq münasibətlər və dövlət idarəçiliyi
  • Tibb və ictimai səhiyyə

Bu sahələr həm ölkə daxilində prioritetdir, həm də xaricdə yüksək tələbat var. 

Dövlət artıq xaricdə oxuyanları qaytarmaq üçün öhdəliklər qoyur, yerli universitetlərdə beynəlxalq proqramlar (double-degree) yaradır, karyera imkanlarını artırmağa çalışır. Amma əsas problem ölkədə qayıdan gənclərə layiqli iş, maaş və inkişaf şəraiti yaratmaqdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Azərbaycan,Xaric,Beyin köçü,Təhsil,Todaypress.tv,