Avtobuslarda məsafəyə görə ödəniş olunacaq? - RƏSMİ

Sosial

28.01.2026 14:15

Bakıətrafı ərazilərdən şəhər mərkəzinə gələn avtobus marşrutlarında məsafəyə görə differensial tarif sisteminin tətbiqi hazırda mümkün deyil.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirib.

Qurumdan qeyd edilib ki, ictimai nəqliyyatda məsafəyə əsaslanan ödəniş mexanizminin tətbiqi üçün xüsusi texniki infrastrukturun qurulması və nağdsız ödəniş sisteminə tam keçidin təmin edilməsi vacibdir.

Açıqlamada vurğulanıb ki, sözügedən güzəştlərin və diferensial tariflərin tətbiqi məsələsinə yalnız nağdsız ödənişlərə tam keçid təmin olunduqdan sonra baxıla bilər.

Hazırda isə Bakıətrafı avtobus marşrutlarında eyni xətt üzrə qısa və uzun məsafə qət edən sərnişinlər üçün vahid gedişhaqqı tətbiq olunur.

Qiymər Mahir

tag: Bakıətrafı ərazi,Avtobus,Ödəniş,AYNA,Todaypress.tv,