Zelenskidən CƏSARƏTLİ MANEVR: Bu çağırış Rusiyanı ALT-ÜST edəcək!
Siyasət
10.12.2025 16:37
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropanı ölkədə keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb. O bildirib ki, beynəlxalq dəstək olarsa, Ukrayna 60–90 gün ərzində seçkilərə hazır olacaq.
Maraqlıdır, Avropa və ABŞ Ukraynada seçkilərin təhlükəsizliyini real olaraq təmin edə biləcəkmi? Onların buna imkanları varmı?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Zelenskinin bu addımı Rusiyanın seçki təzyiqini qabaqlayan ağıllı gedişdir:

“Prezident Volodimir Zelenskinin Avropa və ABŞ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırması olduqca dəqiq və düşünülmüş manevrdir. Normal hallarda fors-major situasiyalarda, o cümlədən müharibə şəraitində seçkilərin keçirilməsi mümkün sayılmır. Ancaq son vaxtlar xüsusilə Kreml Ukraynaya kapitulyasiya sənədi imzalatmaq məqsədilə prezident və parlament seçkilərinin keçirilməsini tələb edir. Məqsəd isə Rusiyaya daha loyallıq göstərən bir hökumətin formalaşdırılmasıdır.
Analitikin fikrincə, əsas məqsəd “Tramp planı”na imza atacaq yeni hökumət formalaşdırmaqdır:
ABŞ-də Zelenskinin qətiyyətli mövqeyi narahatlıq doğurur. Çünki Zelenski hökuməti Kremldə hazırlanmış ‘Tramp planı’nı qəbul etmir. Ona görə də Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması və həmin plana imza atacaq yeni bir hökumətin formalaşdırılması gündəmə gətirilir. Bu tələbi həm ABŞ, həm Rusiya, həm də Böyük Britaniya açıq şəkildə irəli sürür”.
Ekspert vurğulayıb ki, indi əsas sual ABŞ və Aİ-nin Zelenskinin çağırışına hansı cavabı verəcəyidir:
“Zelenski açıq şəkildə bəyan etdi ki, əgər Ukraynada seçkilərin təhlükəsizliyinə zəmanət verilərsə, o zaman ölkə 60–90 gün ərzində seçkilər keçirməyə hazırdır. İndi maraq doğuran əsas məsələ ABŞ və Avropa Birliyinin bu çağırışa verəcəyi cavabdır”.
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Zelenski,Seçki,Todaypress.tv,
