“Yaxın günlərdə delimitasiya məsələsi tam həllini tapacaq”

Siyasət

18.02.2026 16:56

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Baş nazirin müavini Şahin Mustafayev Ermənistana gedəcək. 

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sərhəd danışıqları niyə uzanır?  

Sözügedən məsələni siyasi analitik Fuad Heydər TodayPress TV-yə şərh edib. 


Onun sözlərinə görə, bu prosesin uzanmasının pərdəarxası və görünməyən tərəfləri də var: 

"Süni maneələr mövcuddur. Buna baxmayaraq, Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqlar və sərhəd məsələlərinin həlli qısa zamanda öz həllini tapacaq. Uzanma məsələsinin başlıca faktorlarından biri Rusiyadır. Rusiya amilinin bu prosesdə rolunun olması danışıqları çətinləşdirsə də, buna baxmayaraq, bizim öz torpağımız, dövlətimiz və ərazi bütövlüyümüzdür. Həm Ermənistan, həm də Azərbaycan bu məsələdə yaxından fəaliyyət göstərir. Yaxın aylarda, hətta yaxın günlərdə belə, Azərbaycan və Ermənistan arasında delimitasiya məsələsi tam həllini tapacaq".

F.Heydər sonda əlavə edib ki, Ermənistanla əlaqələr delimitasiya məsələsinin yaxın zamanda həll olunacağını göstərir:


“Azərbaycan artıq müvafiq səfərləri həyata keçirməyə başlayıb və hətta Ermənistan tərəfindən də vətəndaş cəmiyyəti Azərbaycan tərəfi ilə əlaqələr qurub. Bu proses göstərir ki, delimitasiya məsələsi artıq yaxın zamanlarda öz final nöqtəsinə çatacaq və yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasındakı sərhədlərin tanınması əsas məsələyə çevriləcək”. 

Jalə Rövşən

tag: Ermənistan,Fuad Heydərov,Analitik,Sərhəd,Azərbaycan,Todaypress.tv,