Xəta, yoxsa AÇIQ TƏHDİD? - Tehran Ankaranın səbrini sınayır...
Siyasət
16.03.2026 12:58
İrandan atıldığı ehtimal edilən üçüncü ballistik raket Türkiyə hava məkanında məhv edilib.
Bundan əvvəl də Türkiyə hava məkanına daxil olan iki raket havada zərərsizləşdirilmişdi.
Sözügedən məsələni türkiyəli politoloq İsmail Cingöz TodayPress TV-yə şərh edib.

“Ehtimallar”
O bildirib ki, hadisə raketlərin Türkiyəyə birbaşa hücum olub-olmaması ilə bağlı suallar doğurur:
"Ehtimallar arasında raketin başqa bir hədəfə yönəlib trayektoriyadan çıxması, texniki və ya naviqasiya xətası, elektron müdaxilə, həmçinin Türkiyəni İranla qarşıdurmaya sürükləmək istəyən üçüncü tərəflərin və ya İran daxilində mərkəzi hakimiyyətin tam nəzarət edə bilmədiyi bəzi hərbi qrupların fəaliyyəti göstərilir.
Digər bir ehtimal isə raketlərin Türkiyənin özünü deyil, Türkiyədə yerləşən İncirlik Hava Bazası və ya Kürəcik Radar Bazası kimi NATO obyektlərini hədəf almasıdır. Belə bir hal baş verərsə, bu NATO-ya qarşı birbaşa hücum kimi qiymətləndirilə bilər və İran üçün ciddi nəticələr doğura bilər".
“İran NATO-nu sınayır...”
Politoloq diqqətə çatdırıb ki, bəzi qiymətləndirmələrə görə, İran raket buraxılışları ilə bölgədəki NATO hava müdafiə sistemlərinin reaksiya müddətini və imkanlarını test etməyə çalışa bilər. Digər tərəfdən, raketlərin Türkiyə hava məkanından keçərək İraq və ya Suriya istiqamətinə yönəldilməsi ehtimalı da istisna edilmir. Lakin hər bir halda Türkiyə hava məkanının icazəsiz istifadə edilməsi ölkənin suverenliyinin pozulması sayılır və Ankara tərəfindən qəbuledilməz hesab olunur.

"Türkiyə NATO üzvü olduğuna görə bu cür raketlər NATO müdafiə sistemləri və Türkiyənin öz milli hava müdafiə layihəsi olan “Polad Qübbə (Çelik Kubbe)” çərçivəsində məhv edilir. Türkiyə tərəfi İranı diplomatik kanallar vasitəsilə dəfələrlə xəbərdar edib və hava məkanının pozulmasının qəbuledilməz olduğunu vurğulayıb", – İ.Cingöz bildirib.
“Türkiyə müharibəyə girmək istəmir”
Şərhçi bununla yanaşı, Türkiyənin İranla birbaşa müharibəyə girmək istəmədiyini və regionda sabitliyin qorunması üçün diplomatik kanalların açıq qalmasına çalışdığını vurğulayıb:
"Bunun səbəblərindən biri də İran daxilində böyük türk əhalisinin yaşaması və mümkün müharibənin uzunmüddətli regional nəticələr doğura bilməsidir. Bununla belə, Türkiyə öz təhlükəsizliyini təmin etməkdə qərarlıdır və NATO üzvlüyü, eləcə də Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi kimi strateji əməkdaşlıq sənədləri ölkənin müdafiə imkanlarını daha da gücləndirir".

Politoloq sonda diqqətə çatdırıb ki, nəticə etibarilə, mövcud məlumatlar İranın Türkiyəni birbaşa hədəf aldığına dair qəti nəticə çıxarmağa imkan verməsə də, baş verən raket hadisələrinin arxasında texniki, hərbi və ya siyasi səbəblərin ola biləcəyi ehtimalı ciddi şəkildə nəzərdən keçirilir. Bununla yanaşı, Türkiyə hava məkanının pozulması Ankara tərəfindən ciddi təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Jalə Rövşən
tag: İsmail Cingöz,Politoloq,Tehran,Ankara,Todaypress.tv,
