“Ukraynanı satsalar, bu iki təşkilatın sonu olacaq” - Ramiz Yunus AÇIQLADI
Siyasət
10.12.2025 18:39
“ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası Avropa İttifaqına (Aİ) və NATO-ya siyasi institutlar kimi verilmiş ultimatumdur. ABŞ Prezident Donald Trampın administrasiyası planetin bütün hissələri üçün polis-jandarm rolundan imtina edir və bu rolu yalnız Şimali və Cənubi Amerikaya, həmçinin Prezident Trampın baxışına görə ABŞ-nin strateji maraqlarının müdaxilə tələb etdiyi digər regionlara tətbiq etməyə çalışacaq”.
TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz “Facebook” hesabında ABŞ-nin yenilənmiş milli təhlükəsizlik doktrinasını şərh edərkən yazıb.
Siyasətçi qeyd edib ki, strategiya bundan sonra Monro–Tramp doktrinası adlandırılacaq. Onun sözlərinə görə, bu, ABŞ siyasətini 1823-cü ildə ABŞ-nin 5-ci Prezidenti Ceyms Monronun dövründə qəbul olunan “Monro doktrinası” prinsiplərə qaytarır.

“Həmin doktrina “Amerika amerikalılar üçün” şüarına əsaslanırdı və Avropanın Qərbi yarımkürəyə müdaxiləsini yolverilməz sayırdı. Bu o demək idi ki, Avropa dövlətləri Qərbi yarımkürənin müstəqil ölkələrinin işlərinə qarışmamalı, ABŞ isə Avropanın təsir cəhdinin hər birini düşmənçilik aktı kimi qiymətləndirəcəkdi”.
Ramiz Yunus bildirib ki, həmin doktrina tarixi dövrün şərtlərinə uyğun olsa da, müasir — qlobal inteqrasiya, internet və süni intellekt əsrində belə bir model həm ABŞ daxilində, həm də Respublikaçılar Partiyasının özündə ciddi müzakirələrə səbəb olur:

“Konsepsiyanın real nəticə verməsi üçün Prezident Trampın administrasiyası aralıq parlament seçkilərində qələbə qazanmalıdır. Əgər Konqresə seçkilərdə məğlubiyyət olarsa, bu kursun həyata keçirilməsi kəskin şəkildə çətinləşəcək”.
Siyasi analitikin sözlərinə görə, bu şəraitdə Avropa İttifaqı və NATO, xüsusən də onların aparıcı ölkələri nəhayət ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə qarşı siyasi iradə nümayiş etdirməlidirlər.
O xatırladıb ki, Avropanın bir sıra faciəvi səhvləri məhz Münhendən başlayıb:

“1938-ci ildə Münhen sövdələşməsi ilə Çexoslovakiyanın satılması, 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Münhen çıxışı, bundan sonra 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya qarşı təcavüzə verilən susqunluq, eləcə də 2025-ci ildə vitse-prezident Ceyms Devid Vensin çıxışında ABŞ-nin yeni təhlükəsizlik konsepsiyasının elan edilməsi Avropanın strateji səhvlər zənciridir”.
Ramiz Yunus vurğulayıb ki, bu gün əsas məsələ Avropa İttifaqının və NATO-nun taleyidir:

“Ukrayna tab gətirsə, Avropa İttifaqı və NATO da tab gətirəcək. Ukraynanı satsalar, bu, Avropa İttifaqının və NATO-nun sonu olacaq. “Tertium non datur” — üçüncüsü yoxdur”.
Professor sonda 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan ingilis siyasi və dövlət xadimi Uinston Çörçillin məşhur kəlamını xatırladıb:

“Əgər bir ölkə müharibə ilə rüsvayçılıq arasında seçim edərkən rüsvayçılığı seçirsə, həm müharibəni, həm də rüsvayçılığı əldə edir”.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Monro,Ramiz Yunus,Todaypress.tv,
