Borçalını İrana təhvil verən Saakaşvili mollalıq edir
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili baş verən hadisələrlə bağlı Azərbaycana dəstək nümayiş etdirib. Lakin unutmaq olmaz ki, Saakaşvili İranın Gürcüstanda yaşayan azərbaycanlılar arasında radikal islamı yaymasından da böyük rolu olub və bu gün narahatlığını ifadə edir.
Bununla belə, Saakaşvilinin bu mövqeyində ciddi ziddiyyət mövcuddur. Əsas ziddiyyət ondan ibarətdir ki, müasir dövrdə İranın Gürcüstanda iqtisadi və siyasi baxımdan yenidən möhkəmlənməsinin (ayaq açmasının) əsası məhz Saakaşvilinin hakimiyyəti dövründə — 2004–2013-cü illərdə qoyulmuş, sonrakı "Gürcü Arzusu" iqtidarı dönəmində isə pik həddə çatmışdır.
Mixail Saakaşvili hökuməti ciddi maliyyə və investisiya yatırımları qarşılığında İranla yaxınlaşma siyasəti həyata keçirmiş və 2010-cu ildə iki ölkə arasında vizasız rejim haqqında müqavilə imzalamışdı. Bundan sonra minlərlə İran vətəndaşının Gürcüstana gələrək biznes qurması və daşınmaz əmlak əldə etməsi üçün əlverişli şərait yarandı. Hərçənd 2013-cü ildə ABŞ-nin təzyiqi ilə bu proseslər dayandırılsa da, həmin 3 il ərzində İran iqtisadi və dini baxımdan Gürcüstanda öz dayaqlarını tam formalaşdıra bildi. 2016-cı ildə isə mövcud iqtidar — "Gürcü Arzusu" hökuməti tərəfindən bu vizasız gediş-gəliş prosesi yenidən bərpa olundu. Hazırda Gürcüstanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 9 300-ə bərabərdir (təxminən 10 minə yaxın şirkət mövcuddur).
Beləliklə, müasir dövrdə İranın Gürcüstanda sərbəst şəkildə dini fəaliyyət göstərməsinin kökləri məhz Mixail Saakaşvilinin prezidentliyi dövrünə təsadüf edir. Buna görə də İranın göndərdiyi mollalar vasitəsilə Qarapapaq türkləri, Dərbənd türkləri, eləcə də Rusiya və Gürcüstandakı soydaşlarımız arasında illərdir Azərbaycana qarşı nifrət toxumları səpilməkdədir.
İsmayıl Şahlı