Milyonluq dava səngimir: “Yuventus” Ronalduya qarşı mübarizəni davam etdirir!
İtaliyanın “Yuventus” klubu portuqaliyalı ulduz Kriştianu Ronalduya qarşı məhkəmə çəkişməsində yeni addım atıb. Turin təmsilçisi futbolçuya ödənilməli olan 9,8 milyon avro məbləğində ödəniş qərarından İtaliyanın Ali Məhkəməsinə şikayət ünvanlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.
Klub kassasiya şikayətini təqdim edib və hazırda növbəti məhkəmə dinləmələrinin təyin olunmasını gözləyir.
Qeyd edək ki, 2021-ci ildən bəri davam edən bu hüquqi proses artıq üçüncü instansiya məhkəməsinə çatıb.
Xatırladaq ki, 2024-cü ilin aprelində arbitraj məhkəməsi portuqaliyalı hücumçunun tələb etdiyi 19,6 milyon avronun yarıısının - 9,8 milyon avro (faizlər və indeksləşdirmə ilə birlikdə) ödənilməsi barədə qərar çıxarmışdı. 2026-cı ilin yanvarında isə Turin məhkəməsi “Yuventus”un etirazlarını rədd edərək bu qərarı qüvvədə saxlamışdı. Klub isə məhkəmənin işin mahiyyətini deyil, yalnız arbitrajın formal aspektlərini yoxladığını iddia edir.
Mübahisə COVID-19 pandemiyası dövrünə təsadüf edir. 2021-ci ildə klub rəhbərliyi Ronaldu ilə 19,5 milyon avroluq maaş təxirəsalınması ilə bağlı razılığa gəlmişdi. Lakin “Prisma” araşdırması çərçivəsində aparılan axtarışlar zamanı üzə çıxan və “Ronaldu sənədi” kimi tanınan bu məbləğ klubun balansında əks olunmamışdı. Həmin skandal həmçinin klubun prezidenti Andrea Annyelinin və bütün direktorlar şurasının istefası ilə nəticələnmişdi.
Namiq HUN