Tehranın “yuan təklifi” Hörmüzü xilas edə biləcək? – RƏY
Siyasət
16.03.2026 22:00
Tehran daşıdığı neftin dollarla deyil, yuanla satılması şərti ilə məhdud sayda tankerin Hörmüz boğazından keçməsinə icazə verməyi təklif edib.
Bəs bu, dünya bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə danışarkən bildirib ki, belə bir qərar dünya enerji ticarətində yeni maliyyə balansı yarada bilər.

Ekspertin fikrincə, bu boğaz dünya enerji ticarətinin ən kritik nöqtələrindən biridir və qlobal neft, mayeləşdirilmiş təbii qaz daşımalarının böyük hissəsi məhz buradan həyata keçirilir.
"Belə bir qərar dünya bazarında bir neçə mühüm dəyişiklik yarada bilər. İlk növbədə bu addım “petrodollar” sisteminə müəyyən zərbə vura bilər. Hazırda dünya neftinin böyük hissəsi ABŞ dolları ilə qiymətləndirilir və satılır. Əgər müəyyən ticarət marşrutlarında yuan istifadə olunmağa başlasa, Çin valyutasının beynəlxalq enerji ticarətində rolu artar və dolların üstün mövqeyi qismən zəifləyə bilər”, - deyə o qeyd edib.
A. Nəsirli bildirib ki, ikinci mühüm nəticə qlobal enerji bazarında yeni bloklaşmanın yaranması ehtimalıdır. Çin və bəzi Asiya ölkələri yuanla ticarətə daha tez uyğunlaşa bilər.

İqtisadçı vurğulayıb ki, ABŞ və onun müttəfiqləri bu mexanizmi qəbul etməyə bilər. Bu isə enerji bazarında iki fərqli maliyyə sisteminin paralel şəkildə işləməsinə səbəb olacaq.
"Digər təsir neft qiymətlərində ola bilər. Hörmüz boğazı dünya neft tədarükünün böyük hissəsinin keçdiyi marşrut olduğundan burada keçidin məhdudlaşdırılması bazarda təklifin azalacağı ilə bağlı narahatlıq yarada və qiymətlərin yüksəlməsinə səbəb ola bilər".
Ekspertin fikrincə, bu vəziyyət Çin üçün müəyyən strateji üstünlük də yarada bilər. Çin artıq İran neftinin əsas alıcılarından biridir. Əgər yuanla ticarət sistemi formalaşarsa, Pekin enerji tədarükündə daha güclü mövqeyə sahib ola bilər. Eyni zamanda İran da sanksiyalardan yayınmaq və dollar sistemindən kənar satış həyata keçirmək imkanı əldə edər.

"Nəticədə belə bir mexanizm qlobal enerji ticarətinin maliyyə arxitekturasını dəyişdirə, dolların rolunu qismən zəiflədə və dünya neft bazarında yeni geosiyasi balans yarada bilər", - deyə A. Nəsirli fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Akif Nəsirli,İran,Hörmüz,ABŞ,TodayPress TV,
