Prezidentin Slovakiya səfəri: Bakıdan yeni strateji addım

Siyasət

10.12.2025 12:45

Prezident İlham Əliyev 8–9 dekabr tarixlərində Slovakiya Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Slovakiya Prezidenti Peter Pellegrini ilə geniş tərkibdə və təkbətək görüşlər keçirilib. Dövlət başçısı, həmçinin Slovakiyanın baş naziri Robert Fitso ilə də təkbətək danışıqlar aparıb.

Görüşlər zamanı ikitərəfli əlaqələr, strateji tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.  Bəs Azərbaycan–Slovakiya münasibətlərində bu səfər hansı yeni əməkdaşlıq imkanları açır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dövlət başçısının səfəri Azərbaycan enerji və təhlükəsizlik üzrə beynəlxalq tərəfdaşlığını genişləndirir:


"Bu gün Azərbaycan həm Avropa dövlətləri, həm Yaxın Şərq ölkələri, həm Amerika Birləşmiş Ştatları, həm də Afrika dövlətləri ilə əlaqələrini daha da gücləndirir. Azərbaycan bütün dövlətlərlə enerji əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Slovakiyada da bu istiqamətdə çox mühüm təhlükəsizlik tədbirləri həyata keçirildi və bir sıra sənədlər imzalandı".

Parlamentari vurğulayıb ki, Slovakiya ilə strateji əməkdaşlıq artır:

"Bu prosesdə Azərbaycanın xüsusi rolu və payı var. Eyni zamanda Azərbaycan Slovakiya Respublikası ilə iqtisadi əməkdaşlığı genişləndirir, hərbi sahədə də tərəfdaşlığı gücləndirir və silahlanma istiqamətində yeni imkanlar yaranır. Bütün bunlar ticarət əlaqələrinin, enerji əməkdaşlığının və ümumilikdə qarşılıqlı münasibətlərin daha da inkişafına şərait yaradır".

Jalə Rövşən

TodayPress TV

tag: Ceyhun Məmmədov,Deputat,Prezident,İlham Əliyev,Slovakiya,Səfər,Todaypress.tv,