Partiya sədri: “Siyasətdə təkcə bağlı qapılar olmur”
Siyasət
19.01.2026 13:11
“Çox təəssüflər olsun ki, bunu bəziləri, eləcə də hakimiyyət nümayəndələrinin içində olanlar da humanizm kimi xarakterizə edirlər və bu da cəmiyyətdə bir növ qıcıq yaradır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ermənistan və Azərbaycan yeni mərhələyə daxil olur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bunu Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılaşmaya və humanizm prinsiplərinə uyğun olaraq, ölkəmizdə cəza çəkən 4 nəfər erməninin Ermənistana təhvil verilməsi barədə TodayPress TV-yə danışarkən bildirib.
O hesab edir ki, bu istiqamətdə düzgün təhlil aparmaq lazımdır.
“Dövlətin mənafeyi ilə vətəndaşın istəyi arasında həmişə fərqlər ola bilir. Vətəndaş daha emosionaldır, dövlət isə daha təmkinli və strateji düşünür. Bu gün dövlətimizə bu ermənilərin təhvil verilməsi mənafe etibarilə xeyir verirsə, mütləq bu addımı atmaq lazımdır. Əgər ziyan verirsə, lazım deyil. Daxili auditoriya bunu siyasətin bu üzündən təhlil etməlidir.
Anlayıram, bizim üçün də ağırdır, bəlkə də qərarı verən adamların özü üçün daha ağırdır, xüsusilə Meşəli qətliamında iştirak edən bir adamı təhvil vermək. Amma siyasətin təkcə xoş üzü yoxdur, bir az da güzəştlər üzü var. Diplomatiyanın bir qədər də açıq qapıları var. Siyasətdə təkcə bağlı qapılar olmur.
Bir yerdə ki, diplomatiya, sülh və danışıqlardan danışırsan, bu yerdə qapını bir az açıq saxlamağı bacarmalısan. Əks təqdirdə masada əyləşə bilməzsən, qarşına qoyduğun layihələrin gerçəkləşdirilməsi istiqamətində irəliləyə bilməzsən. Azərbaycan bu istiqamətdə doğru seçimlər edir, bu qətiyyən yanlış addım deyil”, - deyə o fikrini yekunlaşdırıb.
Jalə Rövşən
tag: İqbal Ağazadə,Partiya sədri,Ermənilər,Təhvil,Todaypress.tv,
