Mühüm sənəd hazırlandı: ABŞ NATO-dan çıxır?

Siyasət

10.12.2025 17:09

Respublikaçı konqresmen Tomas Massi ABŞ-nin NATO-dan çıxması ilə bağlı “NATO Aktı” adlı qanun layihəsi təqdim edib. Sənəd ABŞ-nin alyansa rəsmi şəkildə çıxış bildirişi göndərməsini və NATO büdcəsinin maliyyələşdirilməsində Amerika vəsaitlərinin dayandırılmasını nəzərdə tutub.


Massi NATO-nu “soyuq müharibənin yadigarı” adlandıraraq, onun ABŞ-nin maraqlarına uyğun gəlmədiyini və ölkəni xarici münaqişələrə cəlb edə biləcəyini iddia edib O, həmçinin Avropa ölkələrinin öz müdafiələri üçün kifayət qədər resurslara malik olduğunu bildirərək, ABŞ vəsaitlərinin daxili ehtiyaclara yönəldilməsini təklif edib.     

Maraqlıdır, ABŞ NATO-dan çıxa bilərmi? Bunun nəticələri nələr ola bilər?

Mövzu haqqında TodayPress TV-yə danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin NATO-dan real çıxışı praktik olaraq mümkün deyil: 


"ABŞ Konqresinə təqdim olunan bu cür qanun layihələri əsasən siyasi mesaj xarakteri daşıyır və ölkənin real xarici siyasət kursunu birbaşa dəyişmək gücündə olmur. Tomas Massinin təşəbbüsü də daha çox Respublikaçı qanadın müəyyən hissəsinin NATO-ya dair narazı mövqeyini ifadə edir. Trampın daha əvvəl Alyansı “köhnəlmiş” adlandırması və üzvlərdən daha çox öhdəlik tələb etməsi məlumdur. Ancaq buna baxmayaraq, ABŞ-nin NATO-dan rəsmi şəkildə çıxması həm hüquqi baxımdan, həm də ölkənin strateji maraqları prizmasından son dərəcə çətin və riskli addımdır. ABŞ üçün NATO təkcə hərbi platforma deyil, eyni zamanda Avropadakı təsir gücünün əsas sütunlarından biridir və Vaşinqtonun Avropa təhlükəsizliyi üzərində liderliyini təmin edən ən mühüm mexanizmdir".

Analitik vurğulayıb ki, bu siqnallar NATO-da qeyri-müəyyənliyi artırır:


"Bununla belə, bu cür təşəbbüslərin gündəmə gətirilməsi Alyans daxilində narahatlıq yaradır və ABŞ-nin gələcək kursuna dair qeyri-müəyyənliyi artırır. Teorik baxımdan ABŞ NATO-dan ayrılsa, Avropanın təhlükəsizlik arxitekturası ciddi şəkildə sarsılar, Rusiyanın Şərqi Avropada təsir imkanları genişlənər, Almaniya və Fransa müdafiə sahəsində daha müstəqil davranmağa məcbur qalar, hətta yeni hərbi ittifaqların formalaşması gündəmə gələ bilərdi. Bu addım həm ABŞ-nin qlobal liderliyinə ağır zərbə vurardı, həm də Qərb dünyasında parçalanma prosesini sürətləndirərdi. Realist yanaşmaya görə, yaxın perspektivdə ABŞ-nin NATO-dan çıxması ehtimalı çox aşağıdır, lakin bu tip siyasi siqnallar Alyansın gələcək strukturuna və yük bölgüsünə mütləq şəkildə təsir göstərəcək".

Jalə Rövşən

TodayPress TV

tag: Züriyə Qarayeva,Politoloq,ABŞ,NATO,Todaypress.tv,