Maskdan sərt çağırış: “Qoca qitə” strateji yol ayrıcındadır…

Siyasət

10.12.2025 18:44

Amerikalı iş adamı və milyarder İlon Mask hesab edir ki, Avropa Komissiyası ləğv olunmalı və seçkili orqanla əvəz olunmalıdır.

"Avropa Komissiyası seçkili orqanın xeyrinə ləğv edilməli və Aİ prezidenti birbaşa seçilməlidir. Hazırkı sistem demokratik deyil, bürokratikdir", - Mask deyib. 

Bəs, Avropa komissiyası ləğv oluna bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Tramp Avropanı asılı tərəf kimi görür: 


"ABŞ Prezidenti Donald Tramp administrasiyasının və bu administrasiyaya yaxın çevrələrin Avropaya tənqidi yanaşması artıq açıq şəkildə görünür. Hətta hesab olunur ki, Avropa Trampın yeni Milli Təhlükəsizlik Strategiyasını imzalaması ilə aldığı ciddi zərbədən sonra asanlıqla özünə gələ bilməyəcək. Sözügedən sənəddə ABŞ-nin Avropaya qarşı düşmənçi mövqeyinin açıq şəkildə ifadə olunması bu münasibətin artıq rəsmi milli səviyyədə təsbit edildiyini göstərir. İttifaq üçün vəziyyət fəlakətə yaxındır və əsas məsuliyyət də elə Avropa İttifaqının öz üzərinə düşür. ABŞ-nin  nüfuzlu nəşrləri yazır ki, Avropa “qısa şalvar sindromu”ndan əziyyət çəkir. Yəni İttifaq yetkin, püxtələşmiş siyasi qurum deyil və tarix boyu ABŞ-dən asılı vəziyyətdə formalaşıb. Elə buna görə də Tramp dəfələrlə Avropa müttəfiqlərini “parazit” – yəni başqasının hesabına dolanan tərəf kimi xarakterizə edib. Belə bir düşüncə mövcuddur ki, avropalılar ABŞ-nin  himayəsinə o qədər öyrəşiblər ki, müstəqil hərəkət etməyi bacarmırlar".

Onun sözlərinə görə, hələlik Avropa ilə ABŞ arasında tam ayrılıq baş verməyib. Çünki belə bir proses baş verərsə, Avropanın öz təhlükəsizliyini tam təmin edə bilməsi üçün onilliklərə ehtiyac yaranacaq. İttifaq ölkələri hazırda müdafiəyə kifayət qədər sərmayə qoymur. Məhz bu səbəbdən Tramp hesab edir ki, Aİ əsasən Vaşinqtonla münasibət qurmaq üçün formalaşdırılmış strukturdur.


Analitik qeyd edib ki, Avropa ya ABŞ-dən asılı qalacaq, ya da müstəqil olacaq:

"ABŞ-də geniş yayılmış yanaşmaya görə, “qoca qitə” hazırda strateji yol ayrıcındadır: ya ABŞ-dən asılılığı davam etdirəcək, ya da vəziyyəti qəbul edib silahlanmanı artıraraq real müstəqilliyə doğru addımlayacaq. Vaşinqton açıq şəkildə bildirir ki, Aİ-nin təhlükəsizliyinə zəmanət vermək niyyətində deyil".

Politoloq vurğulayıb ki, Aİ azadlıqları boğmaqda və ikili standartlarda ittiham olunur:

"Yeni strategiyada Aİ “siyasi azadlıqları boğmaqda” da ittiham olunur və bəzi NATO üzvlərinin tezliklə “qeyri-Avropa çoxluğuna” çevrilə biləcəyi ehtimalına işarə edilir. Trampın yaxın çevrəsinə daxil olan amerikalı milyarder İlon Mask da Aİ-də siyasi azadlıqların məhdudlaşdırıldığını bildirərək Avropa Komissiyasının ləğv edilərək seçkili qurumla əvəz olunmasını təklif edir. Özünü demokratiyanın müdafiəçisi kimi təqdim edən Avro-strukturların fəaliyyətində isə tez-tez subyektivlik, ikili standartlar, korrupsiya, rüşvət və siyasi təzyiq halları müşahidə olunur".

O bildirib ki, Avropa bir neçə il əvvəl özünü təminetmə və müstəqil təhlükəsizlik xəttini seçmiş kimi görünsə də, real nəticələr əldə olunmadı. Müdafiə xərcləri artsa belə, faktiki hərbi inteqrasiya hələ də yoxdur, sursat çatışmazlığı qalmaqdadır. Avropa ABŞ-nin  köməyi olmadan təhlükəsizlik məsələlərini təkbaşına həll etməkdə çətinlik çəkir.


Bu səbəbdən Avropa liderləri ABŞ-nin  Milli Təhlükəsizlik Strategiyasına ya ümumiyyətlə reaksiya vermir, ya da təmkinli mövqe tutur. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Vaşinqtonu hələ də “Avropanın ən böyük müttəfiqi” adlandırır. Bir sıra analitiklər isə hesab edir ki, Avropa liderləri uzunmüddətli perspektivdə Trampla razılığa gəlməyin alternativinin olmadığını düşünürlər".

Ş.Həsənova həmçinin qeyd edib ki, Tramp administrasiyasının Aİ-ni zəiflətmək niyyəti və Rusiyanın bu marağı ön plana çıxır: 

"Digər yanaşmaya görə, Avropanın indiki rifahının əsas təminatçısı ABŞ olub. Lakin əks fikir də mövcuddur ki, Tramp administrasiyası Aİ ilə münasibətləri köklü şəkildə dəyişmək, hətta zəiflətmək niyyətindədir. Bu kontekstdə Rusiyanın da Avropa İttifaqının zəiflədilməsində maraqlı olduğu vurğulanır".

Ekspert sonda əlavə edib ki, nəticə etibarilə Avropa hazırda ciddi siyasi, iqtisadi və təhlükəsizlik təzyiqləri altında qalır. Fransa Prezidenti Emmanuel Makronun Çinlə ticarət münasibətlərində tarif hədələrinə əl atması da bu sıxışmanın nəticəsi kimi qiymətləndirilir. Avropa daxilində vahid siyasi mövqenin olmaması, Rusiya–Ukrayna müharibəsinə münasibətdə parçalanma, dəyərlər böhranı və institusional zəiflik Avro- Atlantik  strukturların dərin islahatlara ehtiyac duyduğunu açıq şəkildə göstərir".

Jalə Rövşən

TodayPress TV

tag: Şəbnəm Həsənova,Politoloq,ABŞ,Aİ,Todaypress.tv,